Bakı. Trend:
Hazırda Hörmüz boğazında yeni balans formalaşmaqdadır.
Trend-in məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, Hörmüz boğazı fonunda ABŞ və müttəfiqlərinin atəşkəsi pozması və İrana blokada tətbiq etməsi ilə dənizçilik və enerji tranziti təhlükə ilə qarşılaşıb.
“İran yaxşı bilir ki, mövcud vəziyyətin davam etməsi ABŞ üçün qəbuledilməzdir. Halbuki İran hətta heç nəyə başlamayıb”, - deyə o qeyd edib.
Əlavə edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 4 mayda Hörmüz boğazına ciddi dəniz nəzarəti üzrə yeni zonanı elan edib.
Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə bildirib ki, Hörmüz boğazında hərbi münaqişə səbəbindən akvatoriyada qalan gəmilərin keçirilməsi üçün həyata keçiriləcək “Project Freedom” (“Azadlıq Layihəsi”) əməliyyatına təxminən 15 min amerikalı hərbçi, raket esminesləri və 100-dən çox təyyarə cəlb olunacaq.
