Prezident İlham Əliyev Avropa institutları ilə münasibətlərə dair açıq və konkret mövqe ortaya qoydu - Azər Qarayev

Siyasət Materials 5 May 2026 13:27 (UTC +04:00)
Prezident İlham Əliyev Avropa institutları ilə münasibətlərə dair açıq və konkret mövqe ortaya qoydu - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda keçirilən "Avropa Siyasi Birliyi" Zirvə görüşü regionun gələcəyi baxımından mühüm siyasi mesajlarla yadda qaldı. Prezident İlham Əliyev tədbirə videobağlantı vasitəsilə qoşularaq həm sülh prosesi, həm regional əməkdaşlıq, həm də Avropa institutları ilə münasibətlərə dair açıq və konkret mövqe ortaya qoydu. Prezident İlham Əliyevin çıxışı təkcə cari vəziyyətin təsviri deyil, həm də yaxın illər üçün geosiyasi istiqamətlərin konturlarını müəyyənləşdirən mesajlar toplusu kimi diqqət çəkdi.

Bu barədə Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Prezident İlham Əliyev çıxışının əvvəlində diplomatik jest olaraq zirvə görüşünə dəvətə görə təşəkkür etdi və diqqəti vacib bir məqama yönəltdi: Azərbaycan bu platformanı rəqabət yox, əməkdaşlıq müstəvisi kimi görür. Bu kontekstdə onun 2028-ci ildə zirvə görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı dəvəti xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır ki, bu təşəbbüsün Ermənistan tərəfindən dəstəklənməsi Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bakı ilə İrəvan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən simvolik addımdır. Bu, regionda uzun illər davam edən qarşıdurmadan sonra formalaşan yeni reallığın diplomatik ifadəsidir.

Çıxışın əsas xəttini isə Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi təşkil edirdi. Prezident İlham Əliyev vurğuladı ki, tərəflər artıq “sülhdə yaşamağı öyrənir”. Bu ifadə formal bəyanatdan daha çox, post-münaqişə dövrünün psixoloji və siyasi transformasiyasını əks etdirir. Vaşinqtonda imzalanmış birgə bəyanat, eləcə də xarici işlər nazirləri səviyyəsində sülh sazişi mətninin paraflanması prosesin institusional əsaslarının formalaşdığını göstərir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan tərəfi sülhün artıq fakt kimi qəbul edildiyini vurğulayır", - o bildirib.

Onun sözlərinə görə, bu reallığın praktik nəticələri də çıxışda konkret rəqəmlərlə təqdim olundu.

"Azərbaycan tərəfindən Ermənistana tətbiq edilən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və nəticədə on minlərlə ton yükün daşınması regionda iqtisadi inteqrasiyanın başlanğıcı kimi qiymətləndirilə bilər. Daha diqqətəlayiq addım isə Azərbaycanın Ermənistana neft məhsulları ixracına başlamasıdır. Bu, yalnız iqtisadi əməkdaşlıq deyil, həm də qarşılıqlı etimadın formalaşmasına xidmət edən strateji jest kimi dəyərləndirilə bilər.

Regional əməkdaşlıq kontekstində Prezident İlham Əliyevin vurğuladığı əsas layihələrdən biri “Orta Dəhliz” və onun tərkib hissəsi kimi təqdim olunan “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” oldu. Bu marşrutun Azərbaycanı Naxçıvanla birləşdirməsi ilə yanaşı, daha geniş geoiqtisadi məkan üçün əhəmiyyət daşıdığı qeyd edildi. Faktiki olaraq bu təşəbbüs Cənubi Qafqazı qlobal ticarət və logistika zəncirinin vacib halqasına çevirə bilər. Burada həm Azərbaycan, həm də Ermənistan üçün iqtisadi dividendlər açıq şəkildə görünür. Bu baxımdan, sülh prosesinin yalnız siyasi deyil, həm də iqtisadi motivasiyalar üzərində qurulduğu aydın olur.

Prezident İlham Əliyev çıxışında Avropa Komissiyası tərəfindən sülh prosesinə verilən dəstəyi yüksək qiymətləndirsə də, bütün Avropa institutlarının eyni mövqeni bölüşmədiyini açıq şəkildə bildirdi. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) sərt tənqid olundu. Prezident İlham Əliyev bu qurumları ikili standartlarda ittiham edərək, onların fəaliyyətinin obyektivlikdən uzaq olduğunu vurğuladı", - o bildirib.

A.Qarayev qeyd edib ki, AŞPA ilə bağlı səsləndirilən fikirlərdə diqqət çəkən məqam Azərbaycanın uzun illər bu təşkilatda fəal iştirak etməsi və yalnız son dövrdə məhdudiyyətlərlə üzləşməsi idi.

"Prezident İlham Əliyev bu dəyişimi Qarabağda separatçılığa son qoyulmasından sonra baş verən siyasi reaksiyalarla əlaqələndirdi. Bu yanaşma rəsmi Bakının mövqeyini açıq şəkildə ortaya qoyur: Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq hüquqa uyğun addım kimi qiymətləndirilməli olduğu halda, bəzi Avropa institutları bunu fərqli prizmadan təqdim edir.

Eyni tənqidlər Avropa Parlamenti ünvanına da yönəldi. Prezident İlham Əliyevin fikrincə, bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. Son beş ildə qəbul edilən çoxsaylı qətnamələr təzyiq aləti kimi təqdim olundu. Bu kontekstdə Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarı rəsmi Bakının sərt cavabı kimi qiymətləndirilə bilər. Həmçinin Azərbaycan parlamenti artıq münasibətlərdə yaranmış gərginlik fonunda daha sərt addım ataraq Avronest Parlament Assambleyası çərçivəsində üzvlüyün dayandırılması ilə bağlı prosedurlara başlanmasına dair rəsmi qərar qəbul edib. Bu qərar rəsmi Bakının Avropa institutları ilə əməkdaşlıq modelini yenidən nəzərdən keçirdiyini və bundan sonra daha selektiv və prinsipial yanaşma sərgiləyəcəyini göstərir. Eyni zamanda, bu addım, əslində, münasibətlərdə yeni mərhələnin – daha prinsipial və selektiv əməkdaşlıq modelinin başlanğıcını göstərə bilər.

Yekun olaraq Prezident İlham Əliyev Baş nazir Nikol Paşinyanı zirvə görüşünün Ermənistanda keçirilməsi münasibətilə təbrik etdi və Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha vurğuladı. Bu, çıxışın tonunu müəyyən edən mühüm detal idi: sərt tənqidlərə baxmayaraq, ümumi mesaj konstruktiv və gələcəyə yönəlik idi.

Ümumilikdə, İrəvan zirvəsində səsləndirilən fikirlər göstərir ki, Cənubi Qafqaz yeni mərhələyə daxil olur. Bu mərhələnin əsas xüsusiyyəti qarşıdurmadan əməkdaşlığa keçiddir. Azərbaycan bu prosesdə həm təşəbbüskar, həm də əsas oyunçu kimi çıxış edir. Sülh sazişinin tamamlanması, nəqliyyat və enerji layihələrinin genişlənməsi, eləcə də beynəlxalq platformalarda daha fəal diplomatik xəttin yürüdülməsi regionun gələcək inkişaf trayektoriyasını müəyyən edəcək əsas faktorlar kimi önə çıxır", - politolo əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti