Bakı. Trend:
İran parlamentində Hörmüz boğazının yeni hüquqi statusunun bəlli olması və elan olunması gözlənilir.
Trend-in məlumatına görə, bunu İran parlamentinin Müdafiə və Milli İqtidar Fraksiyasının sözçüsü Əhməd Rastinə yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu günlərdə İran parlamentində ən önəmli məsələlərdən biri Hörmüz boğazının vəziyyəti ilə əlaqədardır. Buna görə, parlamentin plenar iclasının tez bir zamanda təşkil olunması planlaşdırılır.
Rastinə bildirib ki, Hörmüz boğazının idarə olunması ilə əlaqədar qanuni baxımdan hər hansı boşluq yoxdur. Çünki adalar və sahillərin idarə olunması ilə əlaqədar qanun mövcuddur. Eyni zamanda beynəlxalq hüquqda sahilyanı ölkələrin boğazlara nəzarət tətbiq etməsi ilə əlaqədar hüququ var.
Rastinə deyib ki, ABŞ, İsrail və İran arasındakı son müharibə ilə əlaqədar prosesləri nəzərə alaraq Hörmüz boğazının hüquqi statustu tez bir zamanda qanun çərçivəsində elan olunmalıdır.
Əlavə edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 4 mayda Hörmüz boğazına ciddi dəniz nəzarəti üzrə yeni zonanı elan edib.
Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə bildirib ki, Hörmüz boğazında hərbi münaqişə səbəbindən akvatoriyada qalan gəmilərin keçidi üçün həyata keçiriləcək “Project Freedom” (“Azadlıq Layihəsi”) əməliyyatına təxminən 15 min amerikalı hərbçi, raket esminesləri və 100-dən çox təyyarə cəlb olunacaq.
