Azərbaycan iqlim sahəsində AİB ilə əməkdaşlığı davam etdirəcək - Nazir

Yaşıl iqtisadiyyat Materials 4 May 2026 17:30 (UTC +04:00)
Azərbaycan iqlim sahəsində AİB ilə əməkdaşlığı davam etdirəcək - Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan iqlim gündəliyinin həyata keçirilməsində praktik nəticələrin əldə olunması məqsədilə Asiya İnkişaf Bankı (AİB) ilə birgə işi davam etdirəcək.

Trend xəbər verir ki, bunu Azərbaycanın Maliyyə naziri Sahil Babayev AİB-nin Səmərqənddə keçirilən illik iclasında çıxışı zamanı deyib.

“Azərbaycan qlobal iqlim gündəliyinə qəti şəkildə sadiqdir. 2024-cü ildə Bakıda 29-cu Tərəflər Konfransının keçirilməsi ölkəmiz və bütün region üçün mühüm mərhələ oldu. Konfrans iqlim maliyyələşdirilməsinin təşviqi, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və qlobal enerji keçidinin sürətləndirilməsi baxımından əhəmiyyətli nəticələr verdi. Azərbaycan bu dinamikanı qoruyaraq, AİB də daxil olmaqla beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etməklə bu öhdəlikləri konkret nəticələrə çevirməyə davam edəcək”, – deyə o qeyd edib.

Sahil Babayev, həmçinin qlobal qeyri-sabitlik fonunda Orta Dəhlizin artan əhəmiyyətini vurğulayıb.

“Son qlobal və regional hadisələr Azərbaycanın mühüm rol oynadığı Orta Dəhliz təşəbbüsünün artan əhəmiyyətini nümayiş etdirdi. Bu marşrutun etibarlı və səmərəli ticarət yolu kimi strateji əhəmiyyəti getdikcə daha aydın görünür. O, ticarət axınlarının şaxələndirilməsi və qlobal pozuntularla bağlı həssaslığın azaldılması üçün imkanlar yaradır. İnfrastrukturun inkişafı, proseslərin optimallaşdırılması və kordinasiyanın yaxşılaşdırılması istiqamətində davam edən səylər onun regional və qitələrarası əlaqəlilikdə rolunu daha da gücləndirəcək”, - deyə nazir əlavə edib.

Sahil Babayevin sözlərinə görə, AİB-in fəaliyyətində operativliyin, çevikliyin və innovativliyin daha da artırılması vacibdir.

“Siyasətə əsaslanan proqramların dəstəyinin gücləndirilməsi, texniki yardımın genişləndirilməsi və maliyyələşdirmə üzrə rəqabətli şərtlərin təmin edilməsi bankın yüksək effektivliyinin qorunması üçün əsas amillər olacaq. AİB-in rəqabət üstünlüyü yalnız maliyyə resurslarında deyil, həm də bilik, ekspertiza və tərəfdaşları bir araya gətirmək qabiliyyətindədir. Biz bankı, inkişaf sahəsində getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqəli problemlərin həlli üçün bu güclü tərəflərdən daha fəal istifadə etməyə çağırırıq”,- deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti