Azərbaycanla FAO arasında əməkdaşlıq ildən-ilə daha da güclənir - Muhamməd Nasar

İqtisadiyyat Materials 5 May 2026 10:52 (UTC +04:00)
Azərbaycanla FAO arasında əməkdaşlıq ildən-ilə daha da güclənir - Muhamməd Nasar
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

FAO olaraq, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına sadiq olan tərəfləri bir araya gətirən ilin ən mühüm və nüfuzlu platformasının bir hissəsi olmaqdan böyük qürur duyuruq. Builki sərgi aqrar-ərzaq sektoru üçün olduqca həssas və əhəmiyyətli bir dövrə təsadüf edir.

Trend xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhamməd Nasar Hayat bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda deyib.

O bildirib ki, təchizat zəncirlərində pozuntular və iqlim dəyişikliyinin yaratdığı təzyiqlərlə xarakterizə olunan qeyri-müəyyən bir dünyada dayanıqlı, innovativ və özünütəmin edən kənd təsərrüfatının əhəmiyyəti heç vaxt bu qədər böyük olmamışdır:

"Bu ilin proqramının əsas istiqamətləri məhz bu reallığı əks etdirir və FAO-nun mandatı, eləcə də Azərbaycanın prioritetləri ilə sıx şəkildə uzlaşır.

Bu il qadın fermerlərin rolu xüsusi diqqət mərkəzindədir. Onların kənd təsərrüfatı və ərzaq sistemlərindəki həyati, lakin çox zaman kifayət qədər görünməyən töhfəsini vurğulamaq vacibdir. Qadınların qarşılaşdığı maneələri aradan qaldırmaq daha yüksək məhsuldarlığa, daha yaxşı qidalanmaya və daha güclü dayanıqlığa gətirib çıxara bilər.

İqlim dəyişkənliyi fermerlər üçün ciddi çətinliklər yaratmaqda davam edir. Bu səbəbdən su resurslarından səmərəli istifadə, torpağın sağlamlığının qorunması, rəqəmsal alətlərdən yararlanma və müasir dəyər zəncirlərinin qurulması artıq seçim deyil, zərurətdir. “Caspian Agro” sərgisi innovasiyaları real tətbiqlərlə birləşdirərək bu prioritetlərin həyata keçirilməsində mühüm rol oynayır".

M. Nasir vurğulayıb ki, Azərbaycanla FAO arasında əməkdaşlıq ildən-ilə daha da güclənir: "Birgə səylərlə daha səmərəli suvarma sistemləri tətbiq olunur, kooperativlər gücləndirilir, torpaq və su ehtiyatlarının dayanıqlı idarə olunması dəstəklənir, fermerlər isə təlim və rəqəmsal vasitələrlə gücləndirilir. Bu təşəbbüslər yalnız məhsuldarlığın artırılmasına deyil, həm də insanların rifahının yaxşılaşdırılmasına, ekosistemlərin qorunmasına və kənd icmaları üçün yeni imkanların yaradılmasına xidmət edir.

Kənd təsərrüfatı Azərbaycanın kimliyinin və iqtisadi inkişafının əsas sütunlarından biri olaraq qalır. Sektor müasirləşdikcə, FAO innovasiyaların təşviqi, siyasətlərin inkişafı, rəqəmsal transformasiya və iqlimə davamlı həllərlə fermerlərin uyğunlaşmasına və inkişafına dəstəyini davam etdirir.

Lakin biz anlayırıq ki, həqiqi transformasiya yalnız birgə səylərlə mümkündür. Hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor, akademik dairələr, fermerlər və icmalar – hamısı dayanıqlı və məhsuldar kənd təsərrüfatı gələcəyinin qurulmasında mühüm rol oynayır.

Azərbaycanın aqrar-ərzaq sektorunun nailiyyətlərini qeyd edərkən və yeni əməkdaşlıq üfüqlərinə doğru irəliləyərkən, hər birinizə bu sahəyə göstərdiyiniz dəstək və fədakarlıq üçün təşəkkürümü bildirirəm.
“Caspian Agro” sadəcə sərgi deyil. Bu, öyrənmə, əməkdaşlıq, yaradıcılıq və tərəfdaşlıq məkanıdır. Burada müzakirə olunan ideyalar gələcək illərdə ərzaq sistemlərinin formalaşmasına təsir göstərəcək".

"Daha dayanıqlı kənd təsərrüfatı gələcəyi naminə birlikdə çalışarkən anlayırıq ki, bunu yalnız gələcək nəsillər üçün deyil, həm də özümüz üçün edirik. Torpağın inkişaf etdiyi, icmaların rifah içində yaşadığı və hər bir insanın ləyaqətli şəkildə qidalandığı bir dünya qurmaq bizim ortaq məqsədimizdir.

Sonda FAO adından hər birinizə uğurlu və ilhamverici sərgi arzulayıram. Ümid edirəm ki, müzakirələriniz real həllərə, tərəfdaşlıqlarınız isə irəliləyişə gətirib çıxaracaq və Azərbaycan üçün daha dayanıqlı kənd təsərrüfatı gələcəyinə töhfə verəcək", - M. Nasar qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti