Bakı. Trend:
Ukrayna Azərbaycan və Ermənistana dayanıqlı sülh arzulayır.
Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitində çıxışı zamanı bildirib.
“Biz Ermənistana və Azərbaycana yalnız sülh arzulayırıq - dayanıqlı, hərtərəfli və uzunmüddətli bir sülh,”- deyə o bildirib.
Zelenski qeyd edib ki, "Avropa Siyasi Birliyi"nin sammitində bir çox ölkə təmsil olunur və Ukrayna Prezidenti son 24 ildə ilk dəfədir ki, bu iclasda iştirak edir.
“Bu, çox şey ifadə edir. Və bu, həyatı dəyərləndirən bütün insanların birliyinin miqyasını nümayiş etdirir. Qarşıda duran çağırışlar məlumdur, tamamilə aydındır. Birincisi, hamımız bunu görürük: İrandakı müharibə qeyri-sabitlik amili olaraq qalmaqdadır. Bu, vəziyyəti uzun müddət qeyri-sabit saxlaya və yaxın illərdə bütün ölkələrimizdə yaşayış xərclərinin artmasına səbəb ola bilər. Bu, həmçinin ciddi siyasi dəyişikliklərə gətirib çıxara bilər. Buna görə də, ilk növbədə, enerji və təhlükəsizlik sahəsində əməkdaşlığımız praktik xarakter daşımalıdır. Biz bir-birimizə qışa hazırlaşmaqda və enerji çağırışlarının öhdəsindən gəlməkdə kömək etməliyik. Həmçinin Hörmüz boğazı məsələsinin uzunmüddətli həllini irəli aparmalıyıq”, - deyə o əlavə edib.
