Azərbaycan ilə Harvard Universitetinin Mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat Materials 4 May 2026 19:26 (UTC +04:00)
Azərbaycan ilə Harvard Universitetinin Mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab” Mərkəzi arasında makroiqtisadi siyasət və fiskal çərçivə üzrə əməkdaşlıq müzakirə olunub.

Trend bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata əsasən, mayın 4-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Harvard Universitetinin “Growth Lab” Mərkəzinin direktoru professor Rikardo Hausmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Harvard Universiteti ilə həyata keçirilən tədqiqat və təhsil-təlim layihəsi çərçivəsində mövcud əməkdaşlıq münasibətləri, makroiqtisadi siyasət, fiskal çərçivə və iqtisadi inkişaf üzrə birgə analitik fəaliyyətlər nəzərdən keçirilib.

A.Kərimov ölkəmizdə 2025–2026-cı illəri əhatə edən makroiqtisadi vəziyyət və proqnozlar barədə məlumat verərək, iqtisadi artımın əsasən qeyri-neft sektoru hesabına formalaşdığını, inflyasiyanın isə nisbətən sabit dinamika nümayiş etdirdiyini diqqətə çatdırıb. Bildirilib ki, fiskal çərçivənin gücləndirilməsi istiqamətində ölkəmizdə büdcə qaydaları çərçivəsində qeyri-neft kəsiri və dövlət borcunun ÜDM-ə nisbəti üzrə hədəflər müəyyən edilib, Neft Fondunun aktivlərinin qorunması və qeyri-neft gəlirlərinin artırılması istiqamətində ardıcıl addımlar atılır.

Eyni zamanda, A.Kərimov fiskal islahatların davamlı şəkildə həyata keçirilməsinin dövlət maliyyəsinin dayanıqlığının gücləndirilməsi və orta müddətli makroiqtisadi sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Öz növbəsində, R.Hausman Azərbaycanla əməkdaşlığın davamlı xarakter daşıdığını qeyd edərək, birgə aparılan analitik fəaliyyətlərin ölkənin iqtisadi inkişaf istiqamətlərinin dərindən təhlilinə və iqtisadi qərarların effektiv şəkildə formalaşdırılmasına dəstək verdiyini bildirib.

Görüş zamanı, həmçinin “Growth Lab” Mərkəzi tərəfindən hazırlanmış analitik hesabatlar üzrə fikir mübadiləsi aparılıb, aparılan təhlillərin nəticələri və təqdim edilən rəy və təkliflər müzakirə edilib.

Tərəflər makroiqtisadi siyasətin davamlılığının, eləcə də fiskal və monetar dayanıqlığın gücləndirilməsi, habelə investisiya mühitinin yaxşılaşdırılması və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində birgə tədqiqatların davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti