Bakı.Trend:
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması, eləcə də "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə əldə olunmuş razılaşmalar ABŞ-nin Bakı və İrəvanla münasibətlərini yenidən işə salmasına imkan verib.
Bunu ABŞ-nin sülhməramlı missiyaları üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun CIVILNET-ə müsahibəsində deyib.
"ABŞ bu məqamdan ( Vaşinqton sammitindən) həm Azərbaycan, həm də Ermənistanla ikitərəfli münasibətlərimizi yenidən işə salmaq üçün istifadə etdi", – deyə müşavir bildirib.
O qeyd edib ki, həmin sənədlər imzalandıqdan sonra regionda tərəflər arasında heç bir silahlı insident qeydə alınmayıb. Əksinə, tərəflər qarşılıqlı əməkdaşlıq etməyi, o cümlədən ticari-iqtisadi əlaqələri inkişaf etdirməyi öyrəniblər.
Laytstounun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycanla münasibətlərini nə qədər möhkəmləndirsə, Cənubi Qafqazda sülh də bir o qədər dayanıqlı olacaq. O vurğulayıb ki, Azərbaycan və Ermənistanı birləşdirmək məqsədi daşıyan logistika qovşağı layihəsinin (TRIPP – red.) adının da ifadə etdiyi kimi, regionun rifahı davamlı və uzunmüddətli sülhün bərqərar olması ehtimalını artırır.
"Rifah olduqda bu, sülh üçün imkanları gücləndirir, sülh isə öz növbəsində gələcək rifah üçün zəmin yaradır", – deyə Laytstoun vurğulayıb.
Müşavir xatırladıb ki, ABŞ tərəfi layihənin həyata keçirilməsi üçün artıq 201 milyon ABŞ dolları ayırıb və onun fikrincə, bu məbləğ investisiya əməkdaşlığının "minimum həddidir, tavanı deyil".
Laytstoun əlavə edib ki, bu yanaşma Ağ Evin əvvəlki administrasiyalarının siyasətindən fərqlənir.
