Bakı. Trend:
2006-cı ildə istismara verildiyi vaxtdan 2026-cı ilin ilk yarısının sonunadək Azərbaycanın "Şahdəniz" yatağından ümumilikdə 278 milyard kubmetr qaz hasil edilib.
Bu barədə bp şirkətinin hesabatında qeyd olunub.
Məlumata görə, eyni dövrdə yataqdan ümumilikdə 54 milyon ton kondensat hasil olunub.
Hesabatda bildirilir ki, 2026-cı ilin ilk yarısında "Şahdəniz" yatağında qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.
"2026-cı ilin ilk altı ayında Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından ümumilikdə təxminən 14 milyard standart kubmetr qaz və 2 milyon ton (təxminən 15 milyon barel) kondensat hasil edilib", - bp qeyd edib.
Şirkətin məlumatına görə, hesabat dövründə "Şahdəniz" yatağından hasil olunan qaz Azərbaycana (SOCAR), Gürcüstana (GOGC), Türkiyəyə (BOTAŞ), BTC kəmərinin müxtəlif nöqtələrinə, eləcə də Avropadakı alıcılara nəql olunub.
Hazırda "Şahdəniz" layihəsinin mövcud hasilat gücü gündəlik 76,8 milyon standart kubmetr qaz, yəni illik təxminən 28 milyard kubmetr təşkil edir.
Bundan əlavə, 2026-cı ilin ilk yarısında bp və layihə üzrə tərəfdaşları "Şahdəniz" fəaliyyəti çərçivəsində əməliyyat xərclərinə (OPEX) təxminən 1,394 milyard ABŞ dolları, əsaslı kapital qoyuluşlarına (CAPEX) isə təxminən 712 milyon ABŞ dolları vəsait yönəldiblər.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə əməliyyat xərcləri 1,282 milyard ABŞ dolları, əsaslı kapital qoyuluşları isə 472 milyon ABŞ dolları olub.
Trend-in bp-nin hesabatı əsasında apardığı hesablamalara görə, illik müqayisədə əməliyyat xərcləri 8,7%, əsaslı kapital qoyuluşları isə 50,8% artıb.
Qeyd edək ki, "Şahdəniz" layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19,00%), SGC (16,02%), NICO (10,00%) və MVM (5,00%).
