Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları tərəfindən real sektora kredit qoyuluşlarının həcmi 34,600 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında hesablamalarına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 milyard manat və ya 12,5% artıb.
Kredit portfelinin ən böyük hissəsi ev təsərrüfatlarının payına düşüb. Belə ki, hesabat dövründə ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi 20,161 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 milyard manat və ya 13,2% çoxdur.
Siyahıda növbəti pillədə ticarət və xidmət sektoru qərarlaşıb. Bu sahəyə verilmiş kreditlərin həcmi 4,599 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 390,8 milyon manat və ya 9,3% artım deməkdir.
Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşlarının həcmi 2,489 milyard manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 593,3 milyon manat və ya 31,3% artıb.
İnşaat və tikinti sektoruna verilmiş kreditlərin həcmi 2,404 milyard manat təşkil edib. Bu, illik müqayisədə 603,3 milyon manat və ya 33,5% çoxdur.
Sənaye və istehsal sektoruna kredit qoyuluşları 1,663 milyard manat olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 milyon manat və ya 0,6% artıb.
Mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna verilmiş kreditlərin həcmi 567 milyon manat təşkil edib. Bu, illik müqayisədə 180,9 milyon manat və ya 24,2% azdır.
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna kredit qoyuluşlarının həcmi isə 510,6 milyon manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,9 milyon manat və ya 9,7% azalıb.
Bununla yanaşı, bank sektorunda kreditləşmənin genişləndirilməsi üçün əlavə likvidlik imkanlarının olduğu bildirilir.
AMB sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair iyulun 31-də keçirilən mətbuat konfransında bildirib ki, məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunda izafi likvidlik 6 milyard manat təşkil edir.
“Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər”, – deyə AMB sədri qeyd edib.
