Bakı. Trend:
Kiyevdə keçirilən Azərbaycan-Ukrayna yüksəksəviyyəli görüşləri ilk baxışdan iki ölkənin xarici işlər nazirlərinin növbəti diplomatik təması kimi görünə bilər. Lakin səfərin məzmunu, müzakirə olunan məsələlərin əhatə dairəsi və verilən mesajlar göstərir ki, söhbət təkcə ikitərəfli münasibətlərin cari vəziyyətindən deyil, həm də Cənubi Qafqaz və Qara dəniz regionunda formalaşan yeni geosiyasi reallıqlar fonunda strateji tərəfdaşlığın növbəti mərhələsindən gedir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri məhz bu baxımdan diqqət çəkir.
Azərbaycan və Ukrayna münasibətlərinin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, tərəflər müxtəlif geosiyasi mühitlərdə fəaliyyət göstərsələr də, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn aliliyi məsələlərində uzun illərdir, eyni mövqedən çıxış edirlər. Kiyevdə keçirilən görüşlər zamanı bu prinsip bir daha təsdiqləndi. Ceyhun Bayramov Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyini bir daha bəyan etdi. Ukraynanın xarici işlər naziri Andriy Sıbiha isə öz növbəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün də Kiyev tərəfindən eyni ardıcıllıqla dəstəkləndiyini vurğuladı. Bu qarşılıqlı yanaşma son illərdə münasibətlərin siyasi əsasını daha da möhkəmləndirib.
Diqqət çəkən məqamlardan biri də odur ki, Bakı bu mövqeyini nümayiş etdirərkən eyni zamanda münaqişələrin yalnız diplomatik vasitələrlə həllini də ön plana çıxarır. Ceyhun Bayramovun mətbuat konfransında hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasının və danışıqlar prosesinin beynəlxalq hüquq əsasında bərpa edilməsinin vacibliyini vurğulaması Azərbaycanın uzun illər ərzində formalaşdırdığı xarici siyasət kursunun davamıdır. Bu yanaşma təsadüfi deyil. Azərbaycan özü də uzun illər beynəlxalq hüququn selektiv tətbiqinin nəticələri ilə üzləşmiş dövlət kimi münaqişələrin hüquqi prinsiplər əsasında həllinin vacibliyini ardıcıl şəkildə müdafiə edir.
Rəsmi mövqe: Strateji tərəfdaşlığın gündəliyi genişlənir
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində əvvəlcə Andriy Sıbiha ilə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Danışıqlar zamanı strateji tərəfdaşlığın gündəliyində yer alan əsas istiqamətlər – siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq, enerji, humanitar əlaqələr, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətraflı müzakirə olunub.
Tərəflər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın və Biznes Şurasının əməkdaşlığın inkişafındakı rolunu yüksək qiymətləndiriblər. Görüşdə son dövrdə ticarət dövriyyəsində müşahidə olunan bərpa meylləri də müsbət qiymətləndirilib və iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Regional məsələlərə dair müzakirələr zamanı Azərbaycan bir daha Ukraynada hərbi əməliyyatların dayandırılmasının və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik vasitələrlə həllinin tərəfdarı olduğunu bəyan edib. Eyni zamanda, Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi bir daha təsdiqlənib.
Humanitar diplomatiya siyasi dialoqu tamamlayır
Müasir beynəlxalq münasibətlərdə dövlətlərin tərəfdaşlıq səviyyəsi artıq yalnız siyasi bəyanatlarla ölçülmür. Praktiki əməkdaşlıq, böhran dövründə göstərilən dəstək və uzunmüddətli layihələr münasibətlərin real məzmununu müəyyən edən əsas amillərdən hesab olunur. Azərbaycanın Ukraynaya münasibətdə yürütdüyü siyasət də məhz bu model üzərində qurulub.
Görüşdə Ukrayna tərəfi də humanitar məsələlərə xüsusi diqqət ayırıb. Andriy Sıbiha Qara və Azov dənizlərində hərbi əməliyyatlar nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar başsağlığı ifadə edib, həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara isə tezliklə sağalmalarını arzulayıb.
Andriy Sıbihanın Qara və Azov dənizlərində hərbi əməliyyatlar nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə bağlı başsağlığı verməsi də münasibətlərin humanitar tərəfinin daha bir göstəricisi idi. Bu, iyul ayında Odessa sahilləri yaxınlığında “Atlas Bey” mülki ticarət gəmisinin pilotsuz uçuş aparatı ilə hücuma məruz qalması nəticəsində Azərbaycan vətəndaşlarının zərər çəkməsi fonunda xüsusi əhəmiyyət daşıyır. Həmin hadisədən sonra Azərbaycanın Ukraynadakı Səfirliyi operativ konsulluq tədbirləri həyata keçirdi, ekipaj üzvlərinin təxliyəsini təmin etdi, həlak olmuş gəmi kapitanı Səməd Nəsrullayevin cənazəsinin Azərbaycana gətirilməsini təşkil etdi. Xarici İşlər Nazirliyinin münaqişə zonalarında və yüksək riskli marşrutlarda işləyən Azərbaycan vətəndaşlarına ünvanladığı növbəti xəbərdarlıq da dövlətin öz vətəndaşlarının təhlükəsizliyinə verdiyi önəmin davamı idi.
Nazirlər görüş zamanı, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi də ətraflı nəzərdən keçiriblər. Bildirilib ki, hərbi eskalasiyanın başlanmasından indiyədək Azərbaycanın humanitar yardımlarının ümumi həcmi 50 milyon ABŞ dollarını ötüb. Bu yardımlar təkcə ərzaq və tibbi ləvazimatlarla məhdudlaşmayıb. Enerji infrastrukturunun bərpası, elektrik avadanlıqlarının göndərilməsi, sosial obyektlərin yenidən qurulması, İrpində Akademik Zərifə Əliyeva adına 12 nömrəli Linqvistik Liseyin və Mərkəzi Şəhər Xəstəxanasının bərpası, eləcə də 700 ukraynalı uşağın Azərbaycanda reabilitasiya və psixoloji dəstək proqramlarına cəlb olunması Azərbaycanın daha uzunmüddətli humanitar yanaşmasını nümayiş etdirir.
Bu baxımdan Ceyhun Bayramovun İrpinə səfəri xüsusi simvolik məna daşıyır. Azərbaycanın maliyyə dəstəyi ilə bərpa edilmiş obyektlərlə tanışlıq, Zərifə Əliyeva parkını ziyarət etməsi və gələcəkdə İrpin Mədəniyyət Evinin bərpasına dair planların təqdim olunması göstərir ki, Bakı yalnız müharibənin yaratdığı dağıntıların aradan qaldırılmasına deyil, Ukraynanın sosial infrastrukturunun yenidən formalaşdırılmasına da töhfə verməyə davam edir. Bu isə humanitar diplomatiyanın artıq Azərbaycanın xarici siyasətində ayrıca istiqamətə çevrildiyini göstərən mühüm nümunələrdən biridir.
Kiyev danışıqlarında enerji və iqtisadi əməkdaşlıq xüsusi yer tutub
Digər mühüm istiqamət energetika sahəsində əməkdaşlıqdır. Kiyevdə aparılan danışıqlarda bu mövzu ayrıca strateji xətt kimi diqqət çəkib. Son illərdə Avropada enerji təhlükəsizliyi məsələlərinin prioritetə çevrilməsi Azərbaycanın rolunu daha da artırıb. Bu baxımdan Ceyhun Bayramovun Ukraynanın yeraltı qaz anbarlarından istifadəyə kommersiya baxımından əlverişli və texniki cəhətdən əsaslandırılmış bütün variantların nəzərdən keçirilə biləcəyini bildirməsi, eyni zamanda zərurət yaranacağı halda Ukraynaya qaz tədarükünə hazır olduqlarını açıqlaması sırf ikitərəfli münasibətlərdən daha geniş məna daşıyır.
Bu bəyanat Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun Ukrayna istiqamətini də əhatə edə biləcəyini göstərən siyasi mesaj kimi qiymətləndirilə bilər. Burada söhbət yalnız mümkün qaz ixracından getmir. Əsas məqam ondan ibarətdir ki, Azərbaycan dəyişən enerji xəritəsində etibarlı təchizatçı kimi mövqeyini genişləndirmək, eyni zamanda tərəfdaş ölkələrin enerji dayanıqlığının gücləndirilməsində daha fəal iştirak etmək niyyətini nümayiş etdirir.
Bu kontekstdə SOCAR-ın Ukraynada fəaliyyətinin xüsusi qeyd olunması da təsadüfi deyil. Müharibənin ən çətin dövrlərində belə şirkətin fəaliyyətini davam etdirməsi, yanacaq təminatında iştirak etməsi iqtisadi əməkdaşlığın böhran şəraitində də davam etdiyini göstərir. Ceyhun Bayramovun vurğuladığı kimi, mülki obyektlərin fəaliyyətinin dəstəklənməsi, humanitar yüklərin çatdırılması və enerji infrastrukturunun bərpasına yardım Azərbaycanın prioritetləri sırasında qalır.
İqtisadi statistikalar da münasibətlərin bərpa mərhələsinə daxil olduğunu göstərir. Müharibədən əvvəl, 2021-ci ildə ikitərəfli ticarət dövriyyəsi 900 milyon ABŞ dollarına çatmışdı. Sonrakı dövrdə bu göstərici 350 milyon dollara qədər azalsa da, ötən il yenidən 500 milyon dolları ötüb. Cari ilin ilk altı ayında isə qarşılıqlı ticarətin həcmi 280 milyon dollara yaxınlaşıb. Bu dinamika müharibənin yaratdığı çətinliklərə baxmayaraq, biznes əlaqələrinin yeni şəraitə uyğunlaşdığını və iqtisadi əməkdaşlığın tədricən bərpa olunduğunu göstərir. Nazirlərin investisiya, nəqliyyat, energetika, elm, təhsil, səhiyyə, mədəniyyət və gənclər siyasəti üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılıqları da məhz bu tendensiyanın davamı kimi qiymətləndirilə bilər.
Səfər zamanı diqqət çəkən digər məqam tarixi diplomatik ənənələrə verilən önəm oldu. Ceyhun Bayramovun Ukrayna Xarici İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə Ukraynadakı diplomatik missiyasının fəaliyyətinə dair arxiv sənədləri ilə tanış olması iki ölkə arasında münasibətlərin yalnız müasir siyasi şəraitə söykənmədiyini göstərir. Tarixi diplomatik əlaqələrin ön plana çıxarılması strateji tərəfdaşlığın dərin köklərə malik olduğuna verilən siyasi mesaj kimi də qiymətləndirilə bilər.
Kiyevdə keçirilən görüşlərdə Cənubi Qafqaz da diqqətdən kənarda qalmadı. Azərbaycan tərəfi Ukrayna rəhbərliyini Ermənistanla normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mina təhlükəsi barədə məlumatlandırdı. Bununla Bakı bir daha göstərdi ki, regional təhlükəsizlik məsələlərini yalnız milli deyil, daha geniş beynəlxalq təhlükəsizlik sisteminin tərkib hissəsi kimi təqdim edir. Bu yanaşma Azərbaycanın xarici siyasətində son illər müşahidə olunan mühüm xəttdir. Rəsmi Bakı regional prosesləri qlobal təhlükəsizlik müstəvisindən ayırmır və tərəfdaş ölkələrlə dialoqda bu məsələləri qarşılıqlı maraq doğuran gündəliyin ayrılmaz hissəsi kimi təqdim edir.
İşçi qrupunun üzvü: Strateji tərəfdaşlıq yeni mərhələyə daxil olur
Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov mövzunu Trend-ə şərh edərkən bildirib ki, Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın ardıcıl inkişaf etdiyini və yüksək səviyyəli siyasi dialoqun davamlı xarakter daşıdığını nümayiş etdirən mühüm diplomatik hadisədir.
Deputatın sözlərinə görə, mürəkkəb geosiyasi şəraitdə keçirilən bu səfər Bakı ilə Kiyev arasında qarşılıqlı etimada söykənən münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. O qeyd edib ki, danışıqlarda beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına sadiqliyin bir daha təsdiqlənməsi xüsusi əhəmiyyət daşıyır.

Kamran Bayramov bildirib ki, humanitar əməkdaşlığın miqyası da münasibətlərin strateji xarakterini göstərən əsas amillərdəndir. Onun fikrincə, enerji infrastrukturunun bərpasına dəstək, İrpində həyata keçirilən layihələr, mina təmizləmə sahəsində əməkdaşlıq və ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası iki xalq arasında etimadı daha da möhkəmləndirir.
Deputat iqtisadi və enerji əməkdaşlığının da yeni perspektivlər açdığını bildirib.
“Ticarət dövriyyəsinin bərpası, investisiya imkanlarının genişləndirilməsi və enerji sahəsində yeni əməkdaşlıq formatlarının müzakirəsi tərəflərin mövcud potensialdan daha səmərəli istifadə etmək niyyətini göstərir”, - deyə o qeyd edib.
Azərbaycan-Ukrayna münasibətləri siyasi dialoqla məhdudlaşmır
Bütün bu məqamlar göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri hazırda yalnız siyasi dialoqla məhdudlaşmır. Humanitar diplomatiya, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, tarixi diplomatik ənənələr və beynəlxalq hüququn müdafiəsi iki ölkə arasında strateji tərəfdaşlığın əsas sütunlarına çevrilib.
Ceyhun Bayramovun Kiyevə səfəri də məhz bu sütunların möhkəmləndirilməsinə xidmət edən siyasi addım kimi qiymətləndirilə bilər. Verilən mesajlar göstərdi ki, Bakı bir tərəfdən beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qoruyur, digər tərəfdən isə Ukrayna ilə əməkdaşlığın praktik istiqamətlərini genişləndirərək münasibətləri yeni mərhələyə çıxarmağa çalışır.
Eyni zamanda, səfərin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan regionda formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqları yalnız müşahidə edən deyil, onların formalaşmasında fəal iştirak edən aktorlardan biridir. Humanitar layihələrdən enerji təhlükəsizliyinə, iqtisadi əməkdaşlıqdan siyasi dialoqa qədər uzanan çoxşaxəli gündəlik Bakının xarici siyasətinin çevik və praqmatik xarakterini bir daha nümayiş etdirir. Bu isə yaxın perspektivdə Azərbaycan-Ukrayna əlaqələrinin həm siyasi, həm iqtisadi, həm də humanitar müstəvidə daha sistemli və məzmunlu şəkildə inkişaf edəcəyini göstərən əsas amillərdən biri kimi çıxış edir.
