Bakı. Trend:
Azərbaycan Maliyyə Nazirliyi 2026-cı ilin ilk yarısı üzrə dövlət və icmal büdcələrinin icrasına dair növbəti göstəriciləri açıqlayıb.
Nazirliyin məlumatına əsasən, hesabat dövründə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 57,3 faiz təşkil edib. Bu göstərici əvvəlki illərlə müqayisədə qeyri-neft sektorunun büdcə gəlirlərinin formalaşmasında rolunun daha da artdığını göstərir. Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula (ÜDM) nisbəti 2026-cı ilin iyun ayının sonuna 17,5 faizə enib ki, bu da fiskal dayanıqlığın gücləndiyini nümayiş etdirir.
Nazirliyin təqdim etdiyi dövlət xəzinədarlığı göstəricilərinə görə, 2026-cı ilin yanvar–iyun aylarında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat, maliyyələşdirilmiş xərclərdən faktiki istifadə olunmuş vəsait isə 16 milyard 775,5 milyon manat təşkil edib. Xərclərin icrası ilə bağlı ödənilmiş tapşırıqların həcmi 624,1 min olub.
Bununla yanaşı, vahid xəzinə hesabının qalıqlarının aktiv idarə edilməsindən 27 milyon manat həcmində faiz gəliri əldə edilib. Bu gəlirlər yalnız xarici valyutada yerləşdirilən vəsaitlər hesabına formalaşıb.
Məlumata görə, "ƏDV geri al" layihəsi çərçivəsində də vəsaitlərin geri qaytarılması davam etdirilib. Hesabat dövründə əlavə dəyər vergisi üzrə 153,2 milyon manat məbləğində geri ödəniş həyata keçirilib. Eyni zamanda 154,6 milyon manat fiziki və hüquqi şəxslərə qaytarılıb, dövlət rüsumları üzrə geri qaytarılan vəsait isə 1,4 milyon manat təşkil edib.
Qeyd edək ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı son illər həyata keçirilən islahatların qeyri-neft sektorunun davamlı inkişafını təmin etdiyini bildirib. Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil edərək ümumi ÜDM-in 71,5 faizinə çatıb ki, bu da əvvəlki illə müqayisədə 2,7 faiz real artım deməkdir.
Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə yüksəlib. O vurğulayıb ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə yüksəlib və 2026-cı il dövlət büdcəsində bu göstəricinin 57,4 faizə çatdırılması nəzərdə tutulur.
"Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır", – deyə Sahil Babayev bildirib.
