Gürcüstan Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysi niyə qəbul edə bilmir? - ŞƏRH

Gündəm Materials 6 Avqust 2026 19:47 (UTC +04:00)
Gürcüstan Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysi niyə qəbul edə bilmir? - ŞƏRH
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan tərəfi Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysi qəbul etməyə hələ hazır deyil.

Bunu nəqliyyat eksperti Eldəniz Cəfərov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslərin təşkili üçün bütün hazırlıqları başa çatdırıb.

“Gürcüstan tərəfi isə bu qatarı qəbul etməyə hazır deyil və həmin tərəfdə bəzi texniki çətinliklər var”, – deyə ekspert bildirib.

Eldəniz Cəfərov qeyd edib ki, problemlərdən biri qatarların stansiyada olduğu müddətdə elektrik təchizatının təmin edilməsi ilə bağlıdır.

“Qatarların manevr və digər hərəkətləri üçün stansiyada qaldığı müddətdə elektrik təchizatının təminatı ilə bağlı problemlər mövcuddur. Həmçinin Gürcüstan sərhəd xidməti əlavə reys üzrə sərhəd yoxlamalarını həyata keçirməyə hələ hazır deyil”, – o vurğulayıb.

Ekspertin sözlərinə görə, son vaxtlar Gürcüstan tərəfində bir sıra texniki və təşkilati problemlər müşahidə olunur.

“Qatarların Gürcüstan tərəfində sərhəd yoxlamalarının nəzərdə tutulan bir saatdan artıq davam etməsi, eləcə də elektrik enerjisi ilə bağlı yaranan problemlər Bakı–Tbilisi–Bakı qatarının gecikməsinə səbəb olur. Gördüyünüz kimi, Azərbaycan tərəfi artıq əlavə qatar da təşkil edib, amma Gürcüstan tərəfi əlavə reysi qəbul etməyə hazır deyil”, – deyə Eldəniz Cəfərov əlavə edib.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” (ADY) Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə bilet satış müddətini artırıb.

ADY bildirib ki, dəyişiklik sərnişin məmnuniyyətinin artırılması, artan tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilib.

Məlumata əsasən, yeni mexanizm çərçivəsində satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır. Hazırda sərnişinlər üçün əvvəlki 30 gün əvəzinə 44 günlük bilet satışı açıqdır. Satış pəncərəsi növbəti günlərdə mərhələli şəkildə genişləndirilərək 90 günə çatdırılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti