Azərbaycanda biznes kreditləri 17 milyard manatı ötüb

İqtisadiyyat Materials 6 Avqust 2026 18:49 (UTC +04:00)
Azərbaycanda biznes kreditləri 17 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycanda bankların kredit portfelinin strukturunda biznes kreditlәri 54% (17,179 milyard manat) paya malik olub.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatı əsasında hesablamalarına görə, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 777,8 milyon manat və ya 4,7%, ötən ilin eyni dövrünə nisbətən isə 2,036 milyard manat və yaxud 13,4% çoxdur.

Hesabat dövründə biznes kreditlərinin strukturunda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 9,188 milyard manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən 688,1 milyon manat və ya 8,1%, ötən ilin eyni dövrünə nisbətən isə 679,6 milyon manat və ya 8% artım deməkdir.

Eyni zamanda bu ilin iyulun 1-nə ölkədə orta sahibkarlıq subyektlərinə 2,362 milyard manat kredit verilib. Bu, bir ay əvvələ nisbətən 28,4 milyon manat və ya 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 431,6 milyon manat və ya 22,4% çoxdur.

Həmçinin 2026-cı ilin iylun 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,764 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,1 milyon manat və ya 0,06%, illik müqayisədə isə 261,1 milyon manat və ya 17,4% artım deməkdir.

Bundan başqa, bu ilin iyulun 1-nə ölkədə mikro sahibkarlıq subyektlərinə 3,760 milyard manat biznes kreditləri verilib. Bu isə əvvəlki ayla müqayisədə 60,1 milyon manat və ya 1,6%, illik müqayisədə isə 663,5 milyon manat və yaxud da 20,7% çoxdur.

Qeyd edək ki, 2026-cı ilin iyulun 1-nə Azərbaycanda bankların kredit portfeli 31,821 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 54% (17,179 milyard manat), istehlak kreditlәri 31,2% (9,917 milyard manat) vә ipoteka kreditlәri 14,8% (4,724 milyard manat) təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov da iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransda bank sektorunda kreditləşmənin genişlənməsi üçün kifayət qədər maliyyə imkanlarının olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda bank sektorunda məcburi ehtiyatlar nəzərə alınmadan 6 milyard manat həcmində izafi likvidlik mövcuddur.

"Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər", – deyə Taleh Kazımov bildirib.

AMB sədrinin açıqlaması göstərir ki, bank sistemində mövcud olan sərbəst likvidlik biznes, istehlak və ipoteka kreditlərinin daha da genişləndirilməsi üçün əlavə imkan yaradır. Bu isə kredit portfelində biznes kreditlərinin üstün mövqeyini qoruması fonunda iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinin gələcəkdə də artacağına işarə edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti