Ukrayna XİN başçısı Qara dənizdə həlak olan Azərbaycan vətəndaşları ilə bağlı başsağlığı verib

Siyasət Materials 6 Avqust 2026 12:21 (UTC +04:00)
Ukrayna XİN başçısı Qara dənizdə həlak olan Azərbaycan vətəndaşları ilə bağlı başsağlığı verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın xarici işlər naziri Andriy Sibiha Qara dənizdə hərbi əməliyyatlar zamanı Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar başsağlığı verib.

Nazir, bu barədə Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Ukrayna XİN başçısı həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib, yaralanan Azərbaycan vətəndaşlarına isə tezliklə sağalmalarını arzulayıb.

Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” mülki ticarət gəmisi pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücuma məruz qalıb.

Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub. Hücumdan sonra gəmi kapitanı istisna olmaqla digər 10 Azərbaycan vətəndaşı Odessada sahilə çıxarılıb, daha sonra Moldovadan keçməklə Türkiyə üzərindən Azərbaycana yola salınıb.

Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycanın Ukraynadakı Səfirliyi hadisə ilə bağlı aidiyyəti qurumlarla daimi əlaqə saxlayaraq vətəndaşlara zəruri konsulluq dəstəyi göstərib.

Sonradan gəmi kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib və iyulun 17-də səfirliyin gördüyü konsulluq və əlaqələndirmə tədbirləri nəticəsində cənazəsi Azərbaycana göndərilib.

Xarici İşlər Nazirliyi bununla bağlı yaydığı bəyanatda bildirib ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, Azərbaycan vətəndaşlarının müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə fəaliyyət göstərməsi, nəticədə həlak olması və ya xəsarət alması halları davam edir.

Qurum qeyd edib ki, Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr və pilotsuz uçuş aparatları, raketlər, eləcə də digər silahlardan istifadə regionda təhlükəsizlik vəziyyətini son dərəcə həssas saxlayır.

XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu ərazilərə səfər etməkdən, həmin bölgələrdə əmək fəaliyyəti ilə məşğul olmaqdan, həmçinin bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə çağırıb.

Nazirlik vətəndaşlara rəsmi xəbərdarlıqlara ciddi əməl etməyi, zərurət yarandıqda isə Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları ilə əlaqə saxlamağı tövsiyə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti