Bakı. Trend:
Yeni Zelandiya gələcək peşələrə hazırlığı gücləndirmək və iqtisadiyyatın əsas sahələrində işçi qüvvəsinə tələbatı qarşılamaq məqsədilə sənaye nümayəndələrinin iştirakı ilə hazırlanmış yeni orta məktəb fənlərini təqdim edib.
Bu barədə ölkənin təhsil naziri Erika Stenford məlumat verib.
Onun sözlərinə görə, yeni proqram doqquz istiqaməti əhatə edir: yeni nəsil istehsal texnologiyaları, tətbiqi intellektual sistemlər, tikinti və infrastruktur, enerji, mühəndislik texnologiyaları, qida və lif sənayesi, səhiyyə xidmətləri və qayğı, hotelçilik, qida və içki xidməti, həmçinin turizm.
Nazir bildirib ki, yeni fənlər 2029-cu ildən etibarən 12 və 13-cü sinif şagirdləri üçün tədris olunacaq. Proqramlar sənaye nümayəndələri ilə birgə hazırlanır və şagirdlərə universitetə, peşə təhsilinə və ya əmək bazarına keçid üçün zəruri praktik bilik və bacarıqlar qazandırmağı hədəfləyir.
Erika Stenford qeyd edib ki, bu fənlər ingilis dili və riyaziyyat kimi ənənəvi fənlərlə eyni statusa malik olacaq və ölkənin orta təhsil üzrə milli qiymətləndirmə sistemində nəzərə alınacaq.
İqtisadi artım naziri Nikola Uillis isə bildirib ki, hökumət 2026-cı il büdcəsində şagirdlərin maraqlarına və işəgötürənlərin tələblərinə cavab verən praktik ixtisas proqramlarının hazırlanması üçün 15 milyon Yeni Zelandiya dolları (təxminən 8,83 milyon ABŞ dolları) vəsait ayırıb.
