Bakı. Trend:
Yaponiyada Hiroşimaya atom bombasının atılmasının 81-ci ildönümü münasibətilə anım mərasimləri keçirilib. Ölkə üzrə minlərlə insan 1945-ci ildə baş vermiş faciənin qurbanlarını yad edib.
Hiroşimada yerli vaxtla saat 08:15-də – ABŞ-ın 1945-ci il avqustun 6-da şəhərə atom bombası atdığı dəqiq anda – bir dəqiqəlik sükut elan olunub.
Partlayış nəticəsində yaranan yüksək temperatur və radiasiya şəhəri demək olar ki, tamamilə məhv edib. Həmin ilin sonunadək təxminən 140 min nəfər həlak olub. Sağ qalanların bir çoxu isə sonrakı illərdə radiasiyanın təsiri nəticəsində xərçəng və digər ağır xəstəliklərdən əziyyət çəkib.
Anım mərasimində Yaponiyanın Baş naziri Sanae Takaçi, həmçinin 121 ölkə və regionun nümayəndələri iştirak ediblər ki, bu da rekord göstərici hesab olunur.
Hiroşima meri Kazumi Matsui atom bombardmanı qurbanlarının yenilənmiş siyahısını Sülh Memorial Parkındakı abidəyə yerləşdirib. Siyahıda hazırda 353 min 639 nəfərin adı var. Son 12 ay ərzində vəfat edən və ya ölümü təsdiqlənən daha 4 min 393 nəfərin adı siyahıya əlavə olunub.
Baş nazir Sanae Takaçi də mərasimdə çıxış edərək Yaponiyanın "Üç qeyri-nüvə prinsipi"nə sadiq qaldığını vurğulayıb.
"Yaponiya müharibə dövründə atom bombardmanına məruz qalmış yeganə ölkə kimi nüvə silahlarından azad dünya naminə səylərini davam etdirəcək. Bu, bizim missiyamızdır. Bu gün qlobal təhlükəsizlik mühiti getdikcə mürəkkəbləşir. Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə Baxış Konfransı da göstərdi ki, nüvə silahlarından azad dünyaya aparan yol asan deyil. Məhz buna görə irəliləməyə davam etməliyik", – deyə o bildirib.
Rəsmi məlumatlara görə, mart ayının sonuna olan vəziyyətə əsasən Yaponiyada atom bombardmanından sağ qalan təxminən 91 min nəfər yaşayır. Onların orta yaşı artıq 86-nı ötüb.
Atom bombardmanına məruz qalan yeganə ölkə olan Yaponiya uzun illərdir "Üç qeyri-nüvə prinsipi"nə sadiq qalır. Bu prinsiplər ölkənin nüvə silahına sahib olmasını, onu istehsal etməsini və ya Yaponiya ərazisinə gətirilməsinə icazə verilməsini qadağan edir.
