Bakı. Trend:
2026-cı ilin ilk yarısında Azərbaycanın Şahdəniz yatağından Səngəçal terminalı vasitəsilə gündəlik orta hesabla 74 milyon standart kubmetr qaz ixrac olunub.
Bu barədə bp-nin hesabatında bildirilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.
Şahdəniz qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK), o cümlədən onun genişləndirilmiş sistemi, eləcə də terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın milli qaz şəbəkəsi ilə birləşdirən boru kəmərləri vasitəsilə ixrac olunur.
bp qeyd edib ki, 2026-cı ilin ilk yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) və Şahdəniz yataqlarından hasil olunan neft və qaz sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəql edilməyə davam edib.
Şirkətin məlumatına görə, hazırda terminalın emal gücü sutkada 1,2 milyon barel neft və kondensat, həmçinin 81 milyon standart kubmetr Şahdəniz qazı təşkil edir. AÇG-dən hasil olunan səmt qazı da daxil olmaqla, terminalın ümumi qaz emalı və ixrac gücü gündəlik təxminən 100 milyon standart kubmetrdir.
Hesabat dövründə Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından ümumilikdə 14 milyard standart kubmetr qaz və 2 milyon ton (təxminən 15 milyon barel) kondensat hasil olunub.
Eyni zamanda, 2026-cı ilin ilk yarısında Səngəçal terminalından təxminən 97 milyon barel neft və kondensat ixrac edilib. Trend-in bp-nin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövründə qeydə alınmış 106 milyon barellə müqayisədə 8,5% azalıb.
İxrac olunan neft və kondensat əsasən Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə dünya bazarlarına çatdırılıb.
