Şahdəniz yatağında qaz hasilatı sabit qalıb

Energetika Materials 6 Avqust 2026 13:40 (UTC +04:00)
Şahdəniz yatağında qaz hasilatı sabit qalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk yarısında Azərbaycandakı Şahdəniz yatağında qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək sabit qalıb.

Bu barədə bp-nin hesabatında bildirilib.

Məlumata görə, hesabat dövründə Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından ümumilikdə 14 milyard standart kubmetr qaz və 2 milyon ton (təxminən 15 milyon barel) kondensat hasil olunub.

İlk altı ay ərzində Şahdəniz yatağından hasil olunan qaz Azərbaycana (SOCAR-a), Gürcüstana (GOGC-yə), Türkiyəyə (BOTAŞ-a), Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərinin müxtəlif nöqtələrinə, eləcə də Avropadakı alıcılara tədarük olunmağa davam edib.

Şirkətin məlumatına görə, hazırda Şahdəniz yatağının mövcud istehsal gücü gündəlik 76,8 milyon standart kubmetr qaz, yaxud illik təxminən 28 milyard standart kubmetr qaz təşkil edir.

Şahdəniz-2 layihəsi üzrə də işlər davam edir

bp bildirib ki, 2026-cı ilin ilk yarısında Şahdəniz-2 layihəsi çərçivəsində qərb cinahında yerləşən sualtı quyular üzrə işlər irəliləyib və aprel ayında həmin cinah üzrə beşinci quyu istismara verilib.

Şirkətin məlumatına görə, layihə üzrə qalan quyuların tamamlanması "Xankəndi" sualtı tikinti gəmisinin əsas vəzifəsi olaraq qalır. Bununla yanaşı, ilin ilk yarısında gəmi "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının Dərin Sulu Günəşli hissəsində çoxquyulu sualtı müdaxilə kampaniyasında iştirak edərək lay təzyiqinin idarə olunması və hasilatın artırılması imkanlarının müəyyənləşdirilməsinə dəstək verib.

Eyni dövrdə Tofiq İsmayılov dalğıc dəstək gəmisi Şahdəniz-2 və AÇG layihələrinin bütün sualtı hasilat obyektlərində texniki xidmət, monitorinq və müdaxilə işlərini həyata keçirib.

bp qeyd edib ki, bu işlər gəmilərdən və qazma qurğularından daha səmərəli istifadə olunmasına, əməliyyatların optimallaşdırılmasına və yeni quyuların daha tez istismara verilməsinə imkan yaradan vahid inteqrasiya olunmuş iş qrafiki çərçivəsində həyata keçirilir.

Şahdəniz layihəsində iştirak payları belə bölüşdürülür: bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19,00%), SGC (16,02%), NICO (10,00%) və MVM (5,00%).

Məqalədə:

Xəbər lenti

Xəbər lenti