Trampın adını daşıyacaq yeni ABŞ döyüş gəmilərinin dəyəri 275 milyard dollar ola bilər

Dünya xəbərləri Materials 6 Avqust 2026 02:37 (UTC +04:00)
Trampın adını daşıyacaq yeni ABŞ döyüş gəmilərinin dəyəri 275 milyard dollar ola bilər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın adını daşıyacaq 15 döyüş gəmisindən ibarət planlaşdırılan donanmanın dəyəri 275 milyard dollara çata bilər.

Bu barədə çərşənbə günü ABŞ Konqresinin Büdcə İdarəsi (CBO) məlumat yayıb.

Qurumun hesabatına görə, bu, həmin gəmiləri ABŞ tarixində inşa edilmiş ən bahalı hərbi gəmilər sırasına daxil edəcək.

Müstəqil parlament qurumu olan CBO-nun hesablamalarına əsasən, nüvə mühərrikli ilk gəminin inşası təxminən 23,4 milyard dollara başa gələcək. Sonrakı gəmilərin hər birinin orta dəyəri isə 18 milyard dollar təşkil edəcək.

Müqayisə üçün qeyd olunur ki, dünyanın ən böyük aviadaşıyıcısı olan USS Gerald Ford 2008-ci ildə təxminən 13,3 milyard dollara başa gəlib ki, bu da 2026-cı ilin qiymətləri ilə 20 milyard dollardan çoxdur.

Donald Tramp ötən ilin dekabrında öz adını daşıyacaq yeni döyüş gəmiləri sinfinin yaradılmasını planlaşdırdığını açıqlamışdı. Adətən belə şərəf yalnız vəzifəsini başa vurmuş dövlət rəhbərlərinə göstərilir.

CBO-nun məlumatına görə, yeni gəmilər zenit və "dəniz-yer" tipli raketlər, hipersəs silahları, nüvə başlıqlı qanadlı raketlər, lazer sistemləri və elektromaqnit topu ilə təchiz ediləcək.

Yeni gəmilər hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin istifadəsində olan esmines və kreyserlərdən xeyli böyük olacaq. Bununla belə, onların su tutumu 1990-cı illərdə istismardan çıxarılan Iowa sinifli son ABŞ linkorlarından bir qədər az olacaq.

Məqalədə qeyd olunur ki, hazırda ABŞ hərbi donanmadakı gəmi sayına görə Çindən əhəmiyyətli dərəcədə geri qalır.

Ötən il Konqresə təqdim olunan hesabatda ABŞ hərbi rəhbərliyi və digər ekspertlər Çində gəmiqayırma tempinin yüksək olmasından narahatlıqlarını ifadə etmişdilər.

Xəbər lenti

Xəbər lenti