AİB Azərbaycanda elektrik enerjisi sahəsində layihələri nəzərdən keçirir

Yaşıl iqtisadiyyat Materials 6 Avqust 2026 10:00 (UTC +04:00)
AİB Azərbaycanda elektrik enerjisi sahəsində layihələri nəzərdən keçirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Asiya İnkişaf Bankı (AİB) "Azərbaycanın dayanıqlı enerji infrastrukturu layihələrinin hazırlanmasına" dair layihəni nəzərdən keçirir.

Bankın məlumatına əsasən, layihənin Texniki Yardım üzrə Xüsusi Fondun (Technical Assistance Special Fund) vəsaitləri hesabına hesabına 500 min ABŞ dolları məbləğində maliyyələşdirilməsi planlaşdırılır.

Layihə ilə bağlı digər təfərrüatlar bu mərhələdə açıqlanmır.

Qeyd edək ki, Asiya İnkişaf Bankının (AİB) son məlumatlarına əsasən, Azərbaycan 2015–2024-cü illərdə həyata keçirilən 10 layihə üzrə 2,53 milyard ABŞ dolları həcmində suveren maliyyələşmə əldə edib. Bu vəsaitin 51 faizi regional əməkdaşlıq və inteqrasiya layihələrinə yönəldilib ki, bu da müvafiq ölkələr qrupu arasında ən yüksək göstəricilərdən biridir. Maliyyələşmənin daha 39 faizi özəl sektorun inkişafına, 18 faizi iqlim maliyyələşdirilməsinə, 10 faizi isə rəqəmsal texnologiyalar sahəsində təşəbbüslərə ayrılıb.

2015–2024-cü illərdə bank ümumi dəyəri 963,9 milyon ABŞ dolları olan doqquz qeyri-suveren layihəni təsdiqləyib və maliyyələşmənin 100 faizi özəl sektorun inkişafına yönəldilib. Diqqətəlayiq haldır ki, öhdəliklərin ümumi həcminin 78 faizi regional əməkdaşlıq və inteqrasiya ilə bağlı olub. Bu göstərici AİB-in gəlir səviyyəsi orta səviyyədən yüksək olan müqayisə edilən ölkələr arasında ən yüksək nəticədir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin birinci rübündə AİB-in ölkə iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2,075 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 455 min ABŞ dolları və ya 28,1 faiz çoxdur.

Xatırladaq ki, 2025-ci ilin aprel ayında AİB Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB), eləcə də Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirlikləri ilə "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına dəstək göstərilməsi məqsədilə anlaşma memorandumu imzalayıb. Layihə bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi üzrə transsərhəd ticarətin inkişafını nəzərdə tutur.
AİB həmçinin Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafına texniki dəstək göstərir. Bunun nümunələrindən biri 2024-cü ildə Böyükşor gölündə istifadəyə verilmiş üzən günəş elektrik stansiyasının pilot layihəsidir.

AİB-in Azərbaycanla 2025–2029-cu illəri əhatə edən qüvvədə olan Tərəfdaşlıq Strategiyasında "yaşıl" və şaxələndirilmiş iqtisadi inkişaf əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Sənəddə təmiz energetikanın inkişafına və iqlim dəyişikliyinə qarşı dayanıqlılığın artırılmasına xüsusi diqqət yetirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti