Bakı. Trend:
2026-cı ilin ilk yarısında Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda gündəlik orta neft hasilatı 323 min barel təşkil edib.
Bu barədə bp-nin hesabatında bildirilib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk yarısında bu göstərici 327 min barel olub.
Trend-in bp-nin məlumatları əsasında apardığı hesablamalara görə, AÇG-də gündəlik neft hasilatı illik müqayisədə 1,2% azalıb.
Hesabat dövründə AÇG üzrə ümumi neft hasilatı təxminən 59 milyon barel (8 milyon ton) təşkil edib. Gündəlik hasilat platformalar üzrə aşağıdakı kimi bölünüb:
Çıraq – 19,3 min barel;
Mərkəzi Azəri – 88 min barel;
Qərbi Azəri – 73,3 min barel;
Şərqi Azəri – 45 min barel;
Dərin Sulu Günəşli – 47 min barel;
Qərbi Çıraq – 24 min barel;
ACE platforması – 26,4 min barel.
İyunun sonuna olan məlumata görə, AÇG blokunda 150 neft quyusu hasilat verib, 51 quyu laylara su vurulması, 11 quyu isə qaz vurulması üçün istifadə olunub.
Hazırda AÇG layihəsində iştirak payları belə bölüşdürülüb: bp (operator – 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%).
AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində operator funksiyasını “BP Exploration (Caspian Sea) Limited” həyata keçirir.
Qeyd edək ki, 2026-cı ilin ilk yarısında bp və onun tərəfdaşları AÇG layihəsinə 268 milyon ABŞ dolları əməliyyat xərcləri (OPEX) və 733 milyon ABŞ dolları kapital xərcləri (CAPEX) yönəldiblər. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,5% və 31,4% çoxdur.
