Bakı. Trend:
ABŞ-da üç yumurta istehsalçısı qiymətlərin qanunsuz şəkildə razılaşdırılması ilə bağlı istintaq çərçivəsində ölkənin ərzaq banklarına 53 milyon yumurta təqdim etməyə və 3,3 milyon dollar cərimə ödəməyə razılaşıb.
Bu barədə Nyu-York ştatının baş prokuroru Letisiya Ceyms məlumat yayıb.
Məlumata görə, Cal-Maine Foods, Versova-Centrum və Hickman’s Egg Ranch şirkətləri yumurtanın gündəlik qiymət indeksinə təsir göstərmək məqsədilə fəaliyyətlərini qanunsuz şəkildə əlaqələndirərək topdansatış və pərakəndə bazarda qiymətlərin süni şəkildə artmasına səbəb olublar.
İstintaq materiallarında bildirilir ki, qanun pozuntuları ən azı 2022-ci ildən etibarən baş verib və yumurta tədarükü müqavilələri üçün əsas göstəricilərdən biri hesab olunan Urner Barry qiymət xidmətinin manipulyasiyası ilə bağlı olub.
Razılaşmaya əsasən, şirkətlər araşdırmada iştirak edən 17 ştata ümumilikdə 3,3 milyon dollar cərimə ödəyəcək, həmçinin həmin ştatlardakı ərzaq bankları və qeyri-hökumət təşkilatlarına 53 milyon yumurta təhvil verəcəklər.
Nyu-York ştatına 4 milyon 968 min yumurta ayrılacaq. İlk partiya – 280 min 280 yumurta – artıq Bruklinə çatdırılıb, qalan tədarüklərin isə oktyabr ayınadək mərhələlərlə həyata keçirilməsi planlaşdırılır.
Bundan əlavə, şirkətlər gələcəkdə oxşar halların təkrarlanmaması üçün daxili nəzarət mexanizmləri tətbiq etməyi də öhdələrinə götürüblər.
ABŞ-da son illərdə, xüsusilə 2025-ci ildə quş qripinin yayılması fonunda yumurta qiymətləri kəskin bahalaşıb. 2025-ci ilin mart ayında qiymətlər illik müqayisədə 96 faiz artaraq tarixi maksimuma çatıb.