Nigeriyada 300-dən çox adam girovluqdan azad edilib

Dünya xəbərləri Materials 6 Avqust 2026 03:42 (UTC +04:00)
Nigeriyada 300-dən çox adam girovluqdan azad edilib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriya hökuməti avqustun 5-də 308 girovun azad edildiyini açıqlayıb. Onlardan 163 nəfəri bu ilin əvvəlində ölkənin Kvara ştatındakı Voro kəndində oğurlanmışdı.

Nigeriya Prezidenti Bola Əhməd Tinubunun mətbuat katibi Bayo Onanuqa bildirib ki, dövlət başçısı Niger və Kvara ştatlarında müxtəlif hücumlar zamanı oğurlanmış 308 vətəndaşın uğurla xilas edilməsini yüksək qiymətləndirib.

Onun sözlərinə görə, azad edilənlərdən 163 nəfər Voro kəndindən, 145 nəfər isə Niger ştatındandır. Girovlar Kainci Gölü Milli Parkının meşəlik ərazisində yerləşən gizli düşərgədə saxlanılırdı.

Nigeriyada cinayətkar qruplar, silahlı dəstələr və "banditlər" kimi tanınan dəstələr, eləcə də terrorçu qruplaşmalar tərəfindən fidyə məqsədilə adam oğurluqları xüsusilə ölkənin şimal və mərkəzi bölgələrində geniş yayılıb. Bu ərazilərdə dövlət nəzarəti zəifdir.

Bu ilin fevralında Benin sərhədi yaxınlığında yerləşən Kvara ştatının Voro kəndinə ehtimal olunan silahlı islamçıların hücumu nəticəsində 150-dən çox insan həlak olmuş, çoxlu sayda sakin girov götürülmüşdü.

Ölkənin geniş meşə və qoruq əraziləri son illər cinayətkar silahlı qrupların əsas sığınacaqlarına çevrilib.

Bayo Onanuqa bildirib ki, bu, Nigeriya tarixində bir gün ərzində həyata keçirilən ən böyük girov azadetmə əməliyyatı olub.

Yerli sakinlərin AFP agentliyinə verdiyi məlumata görə, Voro kəndinə hücumdan əvvəl silahlılar kəndə məktub göndərərək dini moizə keçirəcəklərini bildirmiş, lakin görüşə heç kim gəlmədikdən sonra kəndə hücum etmişdilər.

Onlar yaşayış evlərini yandırmış, 165-dən çox insanı öldürmüş və naməlum sayda sakini girov aparmışdılar. Yerli hakimiyyət orqanları isə ölənlərin sayının daha az olduğunu açıqlamışdı.

KİV-in məlumatına görə, həmin vaxt oğurlananların sayı 176 nəfər olub. Bununla belə, ötən cümə günü Kvara ştatının polisi bu rəqəmin təsdiqlənmədiyini bildirib.

Hücum nəticəsində kəndin bir hissəsi tamamilə yanaraq külə dönmüşdü.

Prezident Bola Tinubu bu hücumu "vəhşicəsinə törədilmiş terror aktı" adlandıraraq bölgəyə ordu batalyonu göndərmiş və hücuma görə məsuliyyəti "Boko Haram" qruplaşmasının üzərinə qoymuşdu. Bununla belə, Nigeriyada "Boko Haram" adı çox vaxt müxtəlif silahlı islamçı qruplar üçün ümumi ifadə kimi işlədilir.

Xəbər lenti

Xəbər lenti