Bakı. Trend:
2026-cı ilin ilk yarısında bp və onun tərəfdaşları Şahdəniz yatağı üzrə əməliyyat xərclərinə (OPEX) təxminən 1,394 milyard ABŞ dolları, əsaslı xərclərə (CAPEX) isə 712 milyon ABŞ dolları yönəldiblər.
Bu barədə bp-nin hesabatında bildirilib.
Məlumata görə, 2025-ci ilin eyni dövründə əməliyyat xərcləri 1,282 milyard ABŞ dolları, kapital qoyuluşları isə 472 milyon ABŞ dolları təşkil etmişdi.
Trend-in bp-nin hesabatı əsasında apardığı hesablamalara görə, illik müqayisədə əməliyyat xərcləri 8,7%, kapital qoyuluşları isə 50,8% artıb.
Şahdəniz layihəsində iştirak payları belə bölüşdürülür: bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19,00%), SGC (16,02%), NICO (10,00%) və MVM (5,00%).
bp bildirib ki, 2026-cı ilin ilk altı ayında Şahdəniz yatağından hasil olunan qazın tədarükü Azərbaycana (SOCAR-a), Gürcüstana (GOGC-yə), Türkiyəyə (BOTAŞ-a), Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərinin müxtəlif nöqtələrinə, eləcə də Avropadakı alıcılara fasiləsiz davam etdirilib.
Hesabat dövründə Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından ümumilikdə 14 milyard standart kubmetr qaz və 2 milyon ton (təxminən 15 milyon barel) kondensat hasil olunub.
Şirkətin məlumatına görə, hazırda Şahdəniz layihəsinin mövcud istehsal gücü gündəlik 76,8 milyon standart kubmetr qaz, yaxud illik təxminən 28 milyard standart kubmetr qaz təşkil edir.
