bp AÇG-də kapital xərclərini 31%-dən çox artırıb

Energetika Materials 6 Avqust 2026 12:22 (UTC +04:00)
bp AÇG-də kapital xərclərini 31%-dən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk yarısında bp və onun tərəfdaşları Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku üzrə əməliyyat xərclərinə (OPEX) təxminən 268 milyon ABŞ dolları, kapital xərclərinə (CAPEX) isə 733 milyon ABŞ dolları yönəldiblər.

Bu barədə bp-nin son hesabatında bildirilib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk yarısında AÇG üzrə əməliyyat xərcləri 259 milyon ABŞ dolları, kapital xərcləri isə 558 milyon ABŞ dolları təşkil etmişdi.

Trend-in bp-nin hesabatı əsasında apardığı hesablamalara görə, illik müqayisədə əməliyyat xərcləri 3,5%, kapital xərcləri isə 31,4% artıb.

Hazırda AÇG layihəsində iştirak payları belə bölüşdürülüb: bp (operator – 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%).

AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində operator funksiyasını “BP Exploration (Caspian Sea) Limited” şirkəti həyata keçirir.

Hesabat dövründə AÇG yatağında 4D yüksək dəqiqlikli okean dibi düyünlü seysmik proqramı üzrə işlər davam etdirilib və 2025-ci ildə toplanmış məlumatların emalı başa çatdırılıb.

Bununla yanaşı, Dərin Sulu Günəşli sahəsində çoxquyulu sualtı müdaxilə kampaniyası davam edib. İlin ilk yarısında beş sualtı müdaxilə əməliyyatı uğurla tamamlanıb, hazırda isə altıncı quyuda işlər aparılır.

Eyni zamanda, Mərkəzi Azəri Qaz Genişləndirilməsi (Central Azeri Gas Expansion – CAGE) layihəsi üzrə işlər plana uyğun davam edib. Platformada mövcud olan dörd qazvurucu kompressorun əsas modernləşdirilməsi başa çatdırılıb. Buraya kompressor kartuşlarının və köməkçi avadanlıqların dəyişdirilməsi daxildir. Bu işlər platformanın fəaliyyətini dayandırmadan, əlavə məşəl yandırılmasına ehtiyac olmadan, təhlükəsiz şəkildə və planlaşdırılandan əvvəl yekunlaşdırılıb.

Qeyd edək ki, CAGE layihəsinin məqsədi Mərkəzi Azəri platformasında qazın laylara təkrar vurulması imkanlarını artırmaqla mövcud quyulardan neft hasilatını maksimum səviyyəyə çatdırmaqdır. Layihəyə 2026-cı ilin yanvarında start verilib və qalan modernləşdirmə işlərinin planlı texniki xidmət proqramı çərçivəsində tamamlanmasından sonra 2026-cı ilin sentyabrında yekunlaşdırılması nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti