Bakı. Trend:
2026-cı ilin ilk yarısında Cənubi Qafqaz Boru Kəməri (SQBK) üzrə əməliyyat xərcləri 41 milyon ABŞ dolları, əsaslı xərclər (kapital qoyuluşları) isə 19 milyon ABŞ dolları təşkil edib.
Bu barədə bp-nin son hesabatında bildirilib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk yarısında əməliyyat xərcləri 36 milyon ABŞ dolları, əsaslı xərclər isə 12 milyon ABŞ dolları olub.
Trend-in bp-nin hesabatı əsasında apardığı hesablamalara görə, əməliyyat xərcləri illik müqayisədə 13,9%, əsaslı xərclər (kapital qoyuluşları) isə 58,3% artıb.
Hesabat dövründə Cənubi Qafqaz Boru Kəməri ilə qazın orta gündəlik ötürücülük gücü 63,7 milyon kubmetr təşkil edib. Bu göstərici 2025-ci ilin ilk yarısındakı 62,4 milyon kubmetrlə müqayisədə 2% çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonundan istismardadır və Şahdəniz yatağından hasil olunan qazı Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edir. Boru kəmərinin genişləndirilmiş hissəsi ilə kommersiya qaz tədarükünə 2018-ci ilin iyununda Türkiyəyə, 2020-ci ilin dekabrında isə Avropaya başlanılıb.
Bundan başqa, 2026-cı il iyulun 1-dən etibarən Cənubi Qafqaz Boru Kəmərinin ümumi operatorluğu BP Exploration (Caspian Sea) Limited şirkətindən SOCAR Midstream Operations LLC-yə, yəni SOCAR-ın tam mülkiyyətində olan törəmə şirkətə ötürülüb.
CQBK layihəsində iştirak payları belə bölüşdürülür: bp (29,99%), SGC (21,02%), LUKOIL (19,99%), TPAO (19,00%) və NICO (10,00%).
SOCAR-ın məlumatına əsasən, son beş il ərzində Cənubi Qafqaz Boru Kəməri (SCP) vasitəsilə ümumilikdə 130,4 milyard kubmetr təbii qaz nəql olunub.
"Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunun SOCAR-a uğurla ötürülməsinin beş ili tamam olur", - deyə şirkətin məlumatında bildirilir.
