Bakı.Trend:
Qırğızıstan Orta dəhlizin potensialının bundan sonra daha da gücləndirilməsini və keyfiyyətcə inkişafını dəstəkləyir.
Bu barədə Qırğızıstan Respublikasının iqtisadiyyat və kommersiya nazirinin birinci müavini Çoro Seyitov Trend-ə verdiyi özəl müsahibədə deyib.
Seyitov bildirib ki, Qırğızıstan Respublikası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafında maraqlıdır və onu regional nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, eləcə də ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından perspektivli istiqamətlərdən biri kimi qiymətləndirir.
"Orta Dəhlizin inkişafı alternativ beynəlxalq nəqliyyat marşrutlarına çıxış imkanlarını genişləndirir, logistika zəncirlərinin dayanıqlığını artırır və xarici ticarət daşımalarının şaxələndirilməsinə töhfə verir. Biz Orta Dəhlizin keyfiyyətcə inkişafını və potensialının daha da gücləndirilməsini dəstəkləyirik. Bu kontekstdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun tikintisi xüsusi əhəmiyyət kəsb edir və regionun nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, eləcə də dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından əsas amil kimi qiymətləndirilir", – deyə o əlavə edib.
Nazirin birinci müavininin sözlərinə görə, bu marşrutun imkanlarının genişləndirilməsi ixrac istiqamətlərinin şaxələndirilməsinə, yüklərin çatdırılma müddətinin qısaldılmasına, Qırğızıstan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, həmçinin ölkənin regional nəqliyyat-logistika zəncirlərinin iştirakçılarından biri kimi rolunun möhkəmləndirilməsinə imkan verəcək.
"Marşrutun gələcək inkişafı üçün nəqliyyat siyasətinin əlaqələndirilməsi, nəqliyyat prosedurlarının rəqəmsallaşdırılması, multimodal daşımaların inkişafı, gömrük inzibatçılığının təkmilləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması, eləcə də birgə infrastruktur layihələrinin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Qırğızıstan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı çərçivəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır. Bu isə qarşılıqlı ticarətin və tranzit daşımalarının həcminin artmasına töhfə verəcək", – deyə Seyitov bildirib
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
