Bakı. Trend:
Ələt Azad İqtisadi Zonası (ƏAİZ) və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) arasında birgə fəaliyyətin əsas istiqamətlərini müəyyən edəcək Anlaşma və Əməkdaşlıq Memorandumunun imzalanması imkanları nəzərdən keçirilib.
Bu, ƏAİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov ilə TRACECA Baş katibi Jasurbek Çoriyev arasında keçirilən görüş zamanı müzakirə edilib.
Görüş zamanı TRACECA ilə Ələt Azad İqtisadi Zonası İdarəsi arasında praktiki əməkdaşlığın qurulması perspektivləri müzakirə olunub.
Xüsusi diqqət TRACECA marşrutu üzrə daşınan yüklərin növləri və xarakteri barədə məlumat mübadiləsinin qurulmasına və mütəmadi şəkildə həyata keçirilməsinə yönəldilib.
Eyni zamanda, birgə fəaliyyətin əsas istiqamətlərini müəyyən edəcək Anlaşma və Əməkdaşlıq Memorandumunun imzalanması imkanları nəzərdən keçirilib.
Görüşün sonunda tərəflər regionun nəqliyyat və logistika potensialının inkişafına dair oxşar yanaşmaları bölüşdüklərini təsdiqləyiblər.
Qeyd edək ki, Ələt Azad İqtisadi Zonası Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında, beynəlxalq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Zonanın təsdiq edilmiş baş planı 719 hektar ərazini əhatə edir. Ümumilikdə Ələt Azad İqtisadi Zonasının inkişafı üçün təxminən 6 500 hektar ərazi ayrılıb ki, bunun da 1 000 hektardan çox hissəsi gələcək genişləndirmə üçün nəzərdə tutulub.
Hazırda zonada avtomobil nəqliyyatı ilə daşınan yüklərin illik 500 min ton həcmində emal gücünə malik 5 hektarlıq logistika mərkəzi fəaliyyət göstərir. Mərkəz həmçinin dəmir yolu infrastrukturuna çıxış imkanına malikdir.
Hazırda yeni beynəlxalq hava limanının tikintisi davam etdirilir. Hava limanının yük və biznes terminallarının 2027-ci ilin birinci rübündən gec olmayaraq istifadəyə verilməsi planlaşdırılır. İlkin mərhələdə terminalın illik yükdaşıma gücünün 500 min ton, sonrakı mərhələdə isə 1,5 milyon ton olması nəzərdə tutulur.
ƏAİZ-in nəqliyyat dəhlizləri üzərində yerləşməsi onun regional logistika və istehsal mərkəzi kimi inkişaf perspektivlərini də genişləndirir.
Bunu bir müddət əvvəl Trend-ə özəl müsahibəsində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi ƏAİZ üçün müxtəlif nəqliyyat marşrutlarına çıxış baxımından mühüm üstünlük yaradır.
“Ələt Azad İqtisadi Zonası Bakı Beynəlxalq Dəniz Ticarət Limanına bitişikdir və Şimal–Cənub, Şərq–Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu da investorlara həm dəniz, həm dəmir yolu, həm də avtomobil nəqliyyatından istifadə imkanı yaradır”, - deyə V. Ələsgərov bildirib.
O qeyd edib ki, nəqliyyat bağlantılarının genişlənməsi ƏAİZ-də fəaliyyət göstərən və ixracyönümlü istehsal müəssisələri üçün əlavə imkanlar yaradır.
“Zəngəzur dəhlizi açıldıqdan sonra təbii ki, bu bizim üçün istənilən yüklərin daşınması üçün yeni imkanlar yaradacaq. Yeni marşrut xətti daşımaların məsafəsini qısaldaraq sürətləndirəcək və daşıma xərclərini daha da azaldacaq”, - deyə sədr vurğulayıb.
V. Ələsgərovun sözlərinə görə, bu baxımdan ƏAİZ-in müxtəlif beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiyası həm investorların, həm də istehsal müəssisələrinin logistik imkanlarını genişləndirə bilər.
O həmçinin qeyd edib ki, ƏAİZ-də ixracyönümlü müəssisələrin yaradılmasına üstünlük verilir. Hazırda zonada Türkiyə, Çin, İsrail, Avropa ölkələri və Azərbaycanın yerli şirkətləri tərəfindən müxtəlif layihələr həyata keçirilir.
Yaxın zamanda Ələt Azad İqtisadi Zonasında iri sənaye müəssisələrinin yaradılması ilə bağlı yeni layihələrin elan ediləcəyi gözlənilir. Bu layihələrin ƏAİZ-in investisiya cəlbediciliyini daha da artıracağı və ixracyönümlü istehsalın genişlənməsinə təkan verəcəyi bildirilir.
