Bakı. Trend:
"Fitch Ratings" Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib.
Bu barədə beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Bildirilib ki, "Fitch Ratings" fondun xarici və milli valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqlərini BBB- səviyyəsində təsdiqləyib.
Qeyd olunub ki, reytinq üzrə proqnoz "Sabit" (Stable) olaraq saxlanılıb.
"MCGF əlçatan mənzil təminatının həyata keçirilməsində mühüm siyasi rol oynayır", – deyə "Fitch"in məlumatında bildirilib.
Bununla əlaqədar agentlik dövlətlə əlaqəli qurumların qiymətləndirilməsi üzrə tətbiq etdiyi meyarlara əsasən fondun reytinqlərini Azərbaycanın suveren reytinqinə bərabər tutub. “Fitch”in qiymətləndirməsinə görə, fondun maliyyə göstəriciləri dövlət tərəfindən davamlı və əhəmiyyətli dəstək hesabına möhkəmlənir. Bu dəstək sabit, lakin mötədil gəlirlilik və dayanıqlı biznes modeli ilə özünü göstərir.
"Hər il fondun kapitalına dövlət vəsaiti yönəldilir.
2024–2025-ci illərdə bu vəsaitlərin ümumi həcmi 172,7 milyon manat
təşkil edib. Həmin vəsait sosial ipoteka proqramlarının
maliyyələşdirilməsinə sərf olunub. Dövlət dəstəyinin əlavə
formalarından biri də Azərbaycan Mərkəzi Bankının fondun
istiqrazlarının geri alınmasına verdiyi zəmanətdir. Bu zəmanətə
əsasən Mərkəzi Bank istiqraz sahiblərinin tələbi ilə həmin
istiqrazları geri almağa borcludur. Hazırda dövriyyədə olan Fond
istiqrazlarının təxminən 80 faizi Mərkəzi Bankın portfelindədir", –
deyə hesabatda bildirilir.
“Fitch” hesab edir ki, dövlətin tənzimləyici və siyasi dəstəyi ən
azı ortamüddətli perspektivdə Fond üçün əsasən əlverişli olaraq
qalacaq.
"2026-cı ildə dövlət planlaşdırıldığı kimi fonda 100 milyon manat həcmində maliyyə vəsaiti ayırıb. Bu vəsaitin əsas hissəsi sosial ipoteka proqramlarına, qalan hissəsi isə kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərin subsidiyalaşdırılmasına yönəldilib. Sonuncu istiqamət 2026-cı ilin iyun ayında müvafiq fəaliyyət başqa dövlət qurumuna ötürüldükdən sonra dayandırılıb. Dövlət dəstəyinin ümumilikdə müqayisəolunan həcmdə davam edəcəyini gözləyirik", – deyə “Fitch”in qiymətləndirməsində vurğulanır.
Fond müntəzəm istiqraz emitenti olmaqla yanaşı, daxili istiqraz
bazarının ən iri iştirakçılarından biridir. “Fitch”in rəyinə görə,
fondun mümkün defoltu milli maliyyə sisteminə olan etimadı ciddi
şəkildə sarsıda, həmçinin dövlət və dövlətlə əlaqəli digər milli
qurumlar üçün maliyyələşmənin əlçatanlığına və dəyərinə mənfi təsir
göstərə bilər.
"Bununla belə, bu risk Azərbaycanın maliyyə bazarının nisbətən
kiçik olması səbəbindən qismən məhdudlaşır. Bundan əlavə, fondun
xarici kapital bazarlarında investisiyaları yoxdur. “Fitch”in
qiymətləndirməsinə görə, bu amil mümkün mənfi təsirlərin yayılması
riskini məhdudlaşdırır və agentliyə həmin riski "güclü" (Strong)
səviyyəsində qiymətləndirməyə imkan verir", – deyə hesabatda qeyd
olunub.
