Bakı.Trend:
Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanunu qəbul etməsi ölkə üçün əlavə imkanlar və alternativlərin yaradılmasına yönəlib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə keçirilən iclasında deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərlə əməkdaşlığın gücləndirilməsini xarici siyasət və xarici iqtisadi fəaliyyət istiqamətlərindən biri kimi nəzərdən keçirməyə davam edir.
O qeyd edib ki, 2025-ci ildə Ermənistanda ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul olunub və bu qanunun strateji məqsədi gələcək inkişaf üçün alternativ imkanlar yaratmaqdır. "Biz anlayırıq ki, eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının, həm də Avropa İttifaqının üzvü olmaq mümkün deyil", – deyə Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, sözügedən qanunun qəbul edilməsi özlüyündə Ermənistanın artıq Aİ-yə üzv olmaq imkanı əldə etdiyi anlamına gəlmir. "Gələcəkdə Ermənistan Aİ-yə üzvlük üçün lazımi səviyyədə hazır olduqda belə, bu, ölkəmizin avtomatik olaraq Avropa İttifaqına üzv olacağı demək deyil. Bunun üçün Aİ-yə üzv dövlətlərin razılığı və Ermənistan vətəndaşlarının təsdiqi də tələb olunacaq", – deyə Baş nazir qeyd edib.
Onun sözlərinə görə, üzvlük məsələsi vətəndaşların seçiminə buraxılmazdan əvvəl ciddi institusional hazırlıq işləri aparılmalıdır.
"Əvvəlcədən institusional hazırlıq işləri görülmədən bu məsələni Ermənistan vətəndaşlarının qərarına vermək mümkün deyil. Bundan sonra isə Avropa İttifaqına üzvlük üçün Aİ-yə rəsmi müraciət edilməli, daha sonra isə namizəd ölkə statusu əldə olunmalıdır", – deyə Paşinyan bildirib.
O əlavə edib ki, bu mərhələlər keçilmədən referendumun keçirilməsinin praktiki məzmunu olmazdı.
"Bu, o demək olardı ki, biz vətəndaşlarımızdan hazırda mövcud olmayan bir sualla bağlı cavab gözləyirik. Biz Ermənistan vətəndaşlarının iki alternativ arasında seçim etməsini gözləyirik, halbuki həmin alternativlərdən biri mövcud deyil", – deyə Baş nazir bildirib.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan 29 may 2026-cı il tarixində Aİİ-yə üzv dörd dövlətin liderlərinin ölkədə Aİ-yə üzvlük məsələsi üzrə referendumun keçirilməsi ideyasına dəstək ifadə olunan bəyanatını nəzərə alıb.
