Bakı.Trend:
İyun ayında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycanın banklarına daxil olan vəsaitin həcmi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilib ki, cari ilin iyun ayında sürətli pul köçürmə sistemləri vasitəsilə ölkə banklarına 289,6 milyon manat məbləğində vəsait daxil olub (306,3 min əməliyyat).
Trend agentliyinin AMB-nin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin iyun ayı ilə müqayisədə əməliyyatların sayı 9,5 min və ya 3,2%, daxil olan vəsaitin həcmi isə 126,9 milyon manat və ya 78% artıb.
Hesabat dövründə bir köçürmənin orta məbləği 945,4 manat təşkil edib ki, bu da 2025-ci ilin iyun ayı ilə müqayisədə 397,3 manat və ya 72,5% çoxdur.
Qeyd edək ki, AMB-nin məlumatına əsasən, iyun ayının sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyon ədədə çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4% artıb.
Bundan əlavə, qeyd olunub ki, debet kartlarının sayı 12% artdığı halda, kredit kartlarının sayı 3,5% azalıb.
"İlin əvvəlindən etibarən ölkə daxilində nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artıb.
2026-cı ilin iyun ayında ödəniş kartlarından istifadə edilməklə ölkədaxili həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,902 milyard manat təşkil edib. Bu məbləğin 8,575 milyard manatı elektron ticarətin payına düşüb.
Qalan ödənişlərin 1,325 milyard manatı POS-terminallar, 2,5 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.
