Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və Nyu-York Federal Ehtiyat Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib.
Bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Bankın sədr müavini Əli Əhmədov Nyu-York
Federal Ehtiyatlar Bankının nümayəndə heyəti ilə görüşüb:
"Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə
olunan tendensiyalar, mərkəzi bankların üzləşdiyi aktual
çağırışlar, eləcə də valyuta ehtiyatlarının idarə olunması
sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi
aparılıb".
"Tərəflər həmçinin Mərkəzi Bank ilə Nyu-York Federal Ehtiyat Bankı
arasında uzunmüddətli əməkdaşlığın daha da dərinləşdirilməsi
perspektivlərini müzakirə ediblər", - deyə məlumatda qeyd
edilib.
Qeyd edək ki, bu, AMB ilə aparıcı beynəlxalq maliyyə institutları arasında davam edən əməkdaşlıq xəttinin növbəti mərhələsidir. Belə ki, 2025-ci ilin oktyabrında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Nyu-York Federal Ehtiyat Sistemi də daxil olmaqla bir sıra aparıcı beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirib.
Həmin görüşlərdə Abu-Dabi Kommersiya Bankı, "Mizuho Bank", "UBS" və Nyu-York Federal Ehtiyat Sistemi ilə qlobal makroiqtisadi vəziyyət, Azərbaycanın maliyyə sektorunun inkişaf perspektivləri və maliyyə institutları arasında tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Mərkəzi Bank həmin görüşlərin beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi və strateji dialoqun dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
