Bakı. Trend:
Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpin şəhərində olub.
Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi internet saytında dərc
olunmuş məlumatda qeyd edilib.
Bildirilib ki, İrpin şəhəri son illər Azərbaycan ilə Ukrayna
arasında tarixi dostluq münasibətlərinin və humanitar əməkdaşlığın
bariz nümunəsinə çevrilib:
"Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşmış şəhərlər əlaqələrinə
malik İrpin şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan
park, küçə və lisey fəaliyyət göstərir, liseydə Azərbaycan dili
tədris olunur".
Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramov və onun
rəhbərlik etdiyi nümayəndə heyəti İrpin şəhərinin mərkəzində
yerləşən akademik Zərifə Əliyeva adına parkda Azərbaycanın görkəmli
oftalmoloq alimi, akademik Zərifə Əliyevanın büstü önünə gül
dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad
ediblər.
"Sonra Azərbaycanın maliyyə və humanitar dəstəyi ilə əsaslı şəkildə
bərpa olunaraq yenidən istifadəyə verilmiş akademik Zərifə Əliyeva
adına Liseyi və şəhər poliklinikası ilə tanışlıq olub. Müharibə
nəticəsində ciddi dağıntılara məruz qalmış İrpin şəhərində həyata
keçirilən bu layihələr Azərbaycanın Ukraynaya göstərdiyi humanitar
yardımın və bərpa prosesinə verdiyi töhfənin mühüm
nümunələrindəndir.
Daha Azərbaycan hökumətinin dəstəyi ilə İrpində həyata keçirilməsi
planlaşdırılan mədəniyyət mərkəzinin bərpası layihəsi ilə tanışlıq
həyata keçirilib", - deyə məlumatda bildirilib.
