Şahdəniz Kompressiya layihəsi üzrə işlər bu ilin ilk yarısında qrafiki qabaqlayıb - bp

Energetika Materials 6 Avqust 2026 13:48 (UTC +04:00)
Şahdəniz Kompressiya layihəsi üzrə işlər bu ilin ilk yarısında qrafiki qabaqlayıb - bp
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk yarısında Şahdəniz Kompressiya (ŞDK) layihəsi üzrə işlər təhlükəsiz şəkildə və planlaşdırılmış qrafiki qabaqlayaraq irəliləyib.

Bu barədə bp-nin son hesabatında bildirilib.

Şirkətin məlumatına görə, ŞDK platformasının üst modullarının (topside) tikintisi Bayıl tikinti-quraşdırma sahəsində, dayaq konstruksiyasının (jacket) istehsalı isə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam edib. Layihə çərçivəsində əsas polad konstruksiyalar, svaylar (pin piles), dayaq elementləri və sualtı qurğuların hazırlanmasında sabit irəliləyiş əldə olunub.

Hesabatda qeyd olunub ki, dəniz və sualtı mühəndislik işləri də qrafikə uyğun davam edir. Ətraflı layihələndirmə işləri plan üzrə irəliləyir, əsas texniki baxışlar uğurla başa çatdırılıb. Bundan əlavə, yüksək gərginlikli sualtı elektrik bağlantısı və fiber-optik kabelin, eləcə də sualtı boru hissələrinin istehsalı tamamlanıb.

Şirkət bildirib ki, bir sıra kritik avadanlıq paketləri üzrə satınalma prosesi də tikinti və quraşdırma cədvəllərinə uyğun şəkildə davam edib.

Dəyəri 2,9 milyard ABŞ dolları olan Şahdəniz Kompressiya layihəsinin əsas məqsədi yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını təmin etmək və resursların maksimum mənimsənilməsinə nail olmaqdır. Layihənin həyata keçirilməsi nəticəsində yataqdan əlavə 50 milyard kubmetr qaz və təxminən 25 milyon barel kondensatın hasil edilərək ixrac olunacağı gözlənilir.

Layihə çərçivəsində elektrik enerjisi ilə işləyən, əsasən heyətsiz kompressiya platformasının (eNUI) tikintisi, həmçinin Şahdəniz müqavilə sahəsində bir sıra əlaqəli dəniz obyektlərinin quraşdırılması nəzərdə tutulur. Bundan başqa, Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB) platformalarında, eləcə də Səngəçal terminalında mövcud infrastrukturun modernləşdirilməsi üzrə işlər həyata keçiriləcək.

bp-nin məlumatına görə, Şahdəniz Kompressiya platformasının tikintisinin 2029-cu ildə başa çatdırılması planlaşdırılır. Həmin il platformanın Şahdəniz Alfa platformasından ilk qazı qəbul etməsi, Şahdəniz Bravo platformasından isə 2030-cu ildə kompressiya əməliyyatlarına başlaması nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti