Bakı. Trend:
Azərbaycan Maliyyə Nazirliyi 2026-cı ilin ilk yarısında rəqəmsallaşma, innovativ həllər, dövlət müəssisələrinin monitorinqi və nəticəəsaslı büdcə siyasəti istiqamətində görülən işlərə dair məlumat yayıb.
Bu barədə nazirliyin 2026-cı ilin ilk yarısı üzrə hesabatında bildirilib.
Məlumata əsasən, hesabat dövründə AR Prezidentinin 2026-cı il 26 yanvar tarixli fərmanı ilə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi yaradılıb. Sistemin tətbiqi dövlət maliyyəsinin idarə olunmasında rəqəmsal həllərin genişləndirilməsi və proseslərin daha səmərəli təşkili məqsədi daşıyır.
Nazirlik həmçinin Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS) alt sistemini hazırlayıb. Bu platforma büdcə layihəsinin hazırlanması prosesinin rəqəmsal mühitdə həyata keçirilməsinə imkan verir. Bununla yanaşı, ictimaiyyətin dövlət maliyyəsi haqqında məlumatlara çıxışını genişləndirmək məqsədilə Elektron büdcə bələdçisi portalı istifadəyə verilib.
Hesabatda qeyd olunub ki, dövlət müəssisələrinin rəqəmsal monitorinqi sistemində 1 034 müəssisə üzrə məlumat toplanıb. Tətbiq edilmiş 2026-cı il büdcə hesabı 466, 2027-ci il üçün təqdim edilmiş büdcə təklifi isə 532 olub. Eyni zamanda, 2027-ci il üzrə təqdim edilən büdcə proqnozlarının sayı 654 təşkil edib.
Nazirliyin təqdim etdiyi məlumatlara görə, "E-müqavilə" sistemi vasitəsilə 1 487 müqavilə qeydiyyata alınıb, 872 müqavilənin qeydiyyatdan keçməsi yekunlaşdırılıb. Bağlanmış müqavilələrin ümumi sayı 2 414, imzalanmış müqavilələrin ümumi məbləği isə 1 milyard manatdan çox olub.
Bundan başqa, "E-rüsum" sistemi vasitəsilə 68 218 bildiriş yaradılıb, 63 316 ödəniş həyata keçirilib. Hesablanmış rüsum məbləği 32,04 milyon manat, ödənilmiş rüsumların həcmi isə 31,2 milyon manat təşkil edib.
Nazirlik dövlət müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirib. Hesabatda bildirilir ki, Dövlət Müəssisələrinin Monitorinq Agentliyinin fəaliyyətinin hüquqi, institusional və maliyyə əsasları formalaşdırılıb, dövlət müəssisələrinin monitorinqi üzrə informasiya sistemi istifadəyə verilib və elektron kabinet yaradılıb.
Bundan əlavə, dövlət müəssisələrinin maliyyə sağlamlığının qiymətləndirilməsi üçün Risk Əsaslı Risk Reytinqi, maliyyə sağlamlığının təhlili üzrə Elektron Hesabat və metodoloji sənədlər hazırlanıb. 2020–2026-cı illəri əhatə edən dövlət müəssisələrinin büdcəyə daxilolmaları, dividendləri və digər göstəricilər üzrə təhlillər aparılıb.
Hesabat dövründə nəticəəsaslı büdcə (NƏB) mexanizminin tətbiqi istiqamətində də işlər davam etdirilib. Nazirlik islahatlara cəlb olunmuş sektorlar üzrə strateji sənədlərin təhlil edildiyini, büdcə planlarının qanunvericiliyə uyğun hazırlanması üçün metodoloji dəstəyin göstərildiyini və aidiyyəti qurumlara təkliflərin təqdim olunduğunu bildirib.
