Bakı. Trend:
Dövlət büdcəsinə artıq ödənişlərin həcmi 3 milyard manata yaxınlaşıb.
Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin ilk yarısı üzrə hesabatında bildirilib.
Məlumata əsasən, dövlət büdcəsinə ödənilməli vəsaitin həcmi 4 milyard 50,4 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 741,6 milyon manat və ya 22,4 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 556,7 milyon manat və ya 15,9 faiz artıb.
Hesabat dövründə dövlət büdcəsinə artıq ödənişlərin həcmi 2 milyard 861,1 milyon manat olub. Bu məbləğ 2026-cı ilin əvvəli ilə müqayisədə 460,4 milyon manat və ya 19,2 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 142,3 milyon manat və ya 5,2 faiz çoxdur.
Eyni zamanda məlumata görə, 2026-cı ilin yanvar–iyun aylarında dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 320,1 milyon manat və ya 1,9 faiz azalıb.
