Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi müttəfiqlik sazişi imzalayıblar

Dünya xəbərləri Materials 7 Avqust 2026 14:50 (UTC +04:00)
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi müttəfiqlik sazişi imzalayıblar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi müttəfiqliklə bağlı Məkkə Birgə Müdafiə Sazişini imzalayıblar.

Pakistan Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, müdafiə sazişi regionda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təşviqinə, təhlükəsiz və firavan gələcəyin təmin olunmasına xidmət edir.

Sənəd avqustun 7-də Məkkədəki Əl-Səfa sarayında keçirilən birgə müdafiə üzrə sammitdə imzalanıb. Sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.

Sənədə görə, ittifaqın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilən hücum kimi qiymətləndiriləcək.

"Saziş kollektiv çəkindirmə potensialının gücləndirilməsini nəzərdə tutur və müəyyən edir ki, üç dövlətdən hər hansı birinə qarşı silahlı hücum onların hamısına qarşı edilmiş hücum kimi qiymətləndiriləcək. Bundan əlavə, sənəd üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsini nəzərdə tutur", - deyə Pakistan XİN-in bəyanatında bildirilir.

Qeyd edək ki, bir sıra ölkələrdə "İslam NATO-su" adlandırılan bu alyansın yaradılması ilə bağlı danışıqlar ötən ilin sonundan aparılırdı. Alyansın fəaliyyət istiqamətlərindən biri Səudiyyə Ərəbistanı və Pakistanın Türkiyənin hazırladığı KAAN beşinci nəsil qırıcı təyyarəsinin yaradılması proqramına qoşulması ola bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti