Artan ərzaq tələbatı aqrar siyasətdə yeni yanaşmaların tətbiqini vacib edir - Məcnun Məmmədov

İqtisadiyyat Materials 5 May 2026 10:23 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Müasir dövrdə kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunması, regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və ekoloji dayanıqlılığın qorunması baxımından mühüm strateji istiqamətdir.

Trend xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda deyib.

Nazir vurğulayıb ki, qlobal iqlim dəyişiklikləri, təbii resurslardan səmərəli istifadə zərurəti və artan ərzaq tələbatı aqrar siyasətdə yeni yanaşmaların tətbiqini vacib edir:

"Respublikamızda aqrar sektorun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Bu istiqamətdə dövlət tərəfindən fermerlərə və sahibkarlara geniş dəstək mexanizmləri tətbiq olunur. Subsidiyaların verilməsi, güzəştli kreditlərin təqdim edilməsi, kənd təsərrüfatı texnikasına əlçatanlığının artırılması, aqrar sığorta sisteminin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqinin təşviqi aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verir".

M. Məmmədov bildirib ki, məqsəd müasir çağırışlara cavab verən, yüksək məhsuldarlığa əsaslanan və ixrac potensialını artıran güclü aqrar sistem formalaşdırılmasıdır:

"İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar layihələr də ölkəmizin kənd təsərrüfatı strategiyasında xüsusi yer tutur. Həmin ərazilərdə müasir infrastrukturun qurulması, innovativ təsərrüfat modellərinin yaradılması və “ağıllı kənd” yanaşmalarının tətbiqi regionun böyük aqrar potensialının reallaşdırılmasına xidmət edir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti