Bakı. Trend:
WUF13 tədbiri ilə bağlı nəqliyyat əməliyyatları üçün rəqəmsal nəqliyyat xəritəsi hazırlanıb.
Trend xəbər verir ki, bu fikirləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, bu xəritə real vaxt rejimində iştirakçılara bütün nəqliyyat planını təqdim edir. Burada rəsmi hotellər, nəqliyyat mübadilə mərkəzləri, marşrutlar və onların cədvəlləri barədə məlumatlar yer alır.
Vüqar Aslanovun sözlərinə görə, tədbirlə bağlı VAP portalı və "yaşıl zolaq" sistemi də tətbiq olunub.
“VAP sistemi vasitəsilə nəqliyyat vasitələrinin əraziyə giriş və parklanması tənzimlənir, yalnız icazəsi olan nəqliyyat vasitələri əraziyə buraxılır və sistem dövlət qurumları ilə koordinasiyalı şəkildə işləyir.
İnklüziv və dayanıqlı nəqliyyat prinsipləri də nəzərə alınıb. Fiziki məhdudiyyətli şəxslər üçün əlçatanlıq həm nəqliyyat mübadilə mərkəzlərində, həm şəhər avtobuslarında, həm də Bakı Olimpiya Stadionu daxilində təmin olunub və onlar üçün uyğun nəqliyyat həlləri hazırlanıb”, - deyə V.Aslanov əlavə edib.
