Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və Harvard Universitetinin "Growth Lab" Mərkəzi arasında maliyyə bazarlarının inkişafına yönəlmiş birgə təşəbbüslər nəzərdən keçirilib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla görüşüb.
Görüş çərçivəsində ölkədəki makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin təmin olunması, pul siyasətinin ötürücülüyünün təkmilləşdirilməsi və maliyyə vasitəçiliyinin genişləndirilməsi üzrə əldə olunan nailiyyətlər və prioritetlər üzrə ətraflı fikir mübadiləsi aparılıb. Əlavə olaraq Mərkəz tərəfindən Azərbaycanda həyata keçirilmiş layihənin nəticələri müzakirə olunub.
Görüşdə həmçinin maliyyə bazarlarının inkişafına yönəlmiş birgə təşəbbüslər və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
