Bakı.Trend:
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet və telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin abunəçilərlə operativ əks-əlaqə imkanları, şəxsi kabinet və informasiya sistemlərinin mövcudluğu ilə bağlı geniş təhlillər aparıb.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.
Məlum olub ki, bəzi operator və provayderlərin elektron informasiya sistemləri mövcud deyil, informasiya ehtiyatlarında şəxsi kabinet yoxdur və ya funksional şəkildə fəaliyyət göstərmir.
İKTA bildirir ki, operator və provayderlərin məlumatlandırma, operativ cavablandırma, xidmət keyfiyyətinin təmini və istehlakçı hüquqlarının qorunması üzrə vəzifələrin effektiv icrası baxımından belə mexanizmlər zəruridir.
Qanunvericilikdə abunəçilərin xidmətlər barədə dolğun məlumat almaq, müraciətlərini rahat şəkildə təqdim etmək və qanunla müəyyənləşdirilmiş müddətdə cavab almaq hüququ nəzərdə tutulur.
Telekommunikasiya sektorunda müasir xidmət modeli yalnız internet bağlantısının təqdim olunması ilə məhdudlaşmamalı, eyni zamanda istifadəçi ilə şəffaf, operativ və izlənilə bilən kommunikasiya mexanizmlərini də əhatə etməlidir.
Bu məqsədlə operator və provayderlərə rəsmi internet informasiya ehtiyatlarının, şəxsi kabinet funksiyalarının və elektron müraciət sistemlərinin tam şəkildə təmin edilməsi tövsiyə olunur.
İKTA bu istiqamətdə müvafiq tədbirləri davam etdirir. Növbəti mərhələdə istifadəçilərə şəffaf və operativ əlaqə mexanizmlərini təmin etməyən operator və provayderlər üzrə ictimaiyyəti daha geniş məlumatlandırma və qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Agentlik internet təminatında çətinliklər yarandıqda istifadəçilərə ilk növbədə öz xidmət təchizatçılarının rəsmi əlaqə vasitələrinə müraciət etməyi, ehtiyac yarandığı təqdirdə isə “mygov” platforması üzərindən İKTA-nın “İstifadəçilərin öz internet servis provayderlərindən və mobil operatorlarından onlayn şikayət etməsi xidməti”ndən (“E-Şikayət”) yararlanmağı məsləhət görür.
