Azərbaycan dayanıqlı inkişaf yolunda inamla irəliləyir – Deputat

Siyasət Materials 19 İyun 2026 15:38 (UTC +04:00)
Azərbaycan dayanıqlı inkişaf yolunda inamla irəliləyir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə əldə etdiyi uğurların və qarşıya qoyduğu strateji hədəflərin kompleks mənzərəsini ortaya qoyur.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan təkcə regionun deyil, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş və nüfuzlu ölkə kimi mövqeyini daha da gücləndirməkdədir:

“Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək etimadın göstəricisidir. Son illərdə COP29, Ümumdünya Şəhərsalma Forumu və digər mühüm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın təşkilatçılıq imkanlarını, siyasi nüfuzunu və qlobal əməkdaşlığa verdiyi töhfəni açıq şəkildə nümayiş etdirir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Qoşulmama Hərəkatına sədrlik dövründə qazandığı uğurlar da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun təsdiqidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bu nailiyyətlərin əsasında ölkədə mövcud olan sabitlik dayanır. Müstəqillik dövründə Azərbaycan siyasi, iqtisadi və sosial sabitliyi təmin etməklə davamlı inkişaf modelini formalaşdırıb. Bu gün ölkəmizdə hökm sürən sabitlik həm vətəndaşların rifahının yüksəlməsinə, həm də xarici investorlar üçün əlverişli biznes mühitinin yaradılmasına imkan verir”.

Deputat qeyd edib ki, Prezidentin çıxışında səsləndirdiyi iqtisadi göstəricilər Azərbaycanın dayanıqlı inkişaf yolunda inamla irəlilədiyini göstərir: “Qeyri-neft sektorunun ümumi daxili məhsulda payının 70 faizdən çox olması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən siyasətin uğurlu nəticəsidir. Xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi ölkənin maliyyə dayanıqlığının yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda, ölkəyə 350 milyard dollara yaxın investisiyanın cəlb edilməsi və yoxsulluqla işsizliyin minimum səviyyəyə endirilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin effektivliyini təsdiqləyir”.

Deputat bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı rol da xüsusi diqqətə layiqdir: “Hazırda ölkəmiz 16 dövlətə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın gələcəyə hesablanmış strateji baxışını nümayiş etdirir. 2032-ci ilə qədər 8 giqavat həcmində günəş və külək enerjisi gücünün yaradılması planı ölkəmizin yaşıl enerji keçidinə sadiqliyinin göstəricisidir.

Nəqliyyat və logistika sahəsində əldə olunan nəticələr də Azərbaycanın geostrateji əhəmiyyətini artırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı ölkəmizi mühüm tranzit və logistika mərkəzinə çevirib. Bu istiqamətdə yükdaşımaların həcminin daha da artırılması Azərbaycanın regional və qlobal iqtisadi əlaqələrdə rolunu gücləndirəcək”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə xüsusi yer verilməsi də təsadüfi deyil: “Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən biridir. Bu günədək həmin ərazilərə 17 milyard dollara yaxın investisiyanın yatırılması və artıq on minlərlə vətəndaşın doğma yurdlarına qayıtması Böyük Qayıdış proqramının uğurla icra olunduğunu göstərir. Azərbaycan eyni zamanda regionda davamlı sülhün təmin olunması istiqamətində konstruktiv təşəbbüslərlə çıxış edir.

Prezident İlham Əliyevin səsləndirdiyi gələcək prioritetlər də ölkəmizin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edir. İqtisadiyyatın daha da şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, yaşıl enerji və innovativ texnologiyaların tətbiqi Azərbaycanın qarşıdakı illərdə də davamlı inkişafını təmin edəcək əsas amillərdir.

Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan möhkəm siyasi iradəyə, güclü iqtisadi potensiala və aydın inkişaf strategiyasına malik dövlətdir. Ölkəmiz əldə etdiyi uğurlarla kifayətlənmədən yeni hədəflərə doğru inamla irəliləyir və regional lider kimi mövqeyini daha da möhkəmləndirir”.

Xəbər lenti

Xəbər lenti