Bakı. Trend:
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq gündəmində mühüm hadisələrdən biri kimi yadda qaldı. Dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, maliyyə institutlarının rəhbərlərini və ekspertləri bir araya gətirən toplantı regional inteqrasiya, davamlı inkişaf və investisiya əməkdaşlığı məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrildi. Bu əməkdaşlıq yeni imkanlar açır.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Tədbirin əsas məqamlarından biri Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı və çıxışı oldu. Dövlət başçısı çıxışında həm Azərbaycan ilə İslam İnkişaf Bankı arasında formalaşmış tərəfdaşlıq münasibətlərinə, həm də ölkənin iqtisadi inkişaf modelinə, regional layihələrdəki roluna və gələcək prioritetlərinə toxundu.
Azərbaycan ilə İslam İnkişaf Bankı arasındakı əməkdaşlıq artıq üç onillikdən artıq tarixə malikdir. Bu müddət ərzində Bank tərəfindən ölkədə nəqliyyat, enerji, kənd təsərrüfatı, sosial infrastruktur və digər istiqamətlər üzrə onlarla layihə maliyyələşdirilib. İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin açıqladığı məlumata görə, Azərbaycanın Banka qoşulduğu 1992-ci ildən bəri müxtəlif sahələri əhatə edən 84 layihə üzrə təxminən 1,8 milyard ABŞ dolları həcmində maliyyələşdirmə təsdiqlənib.
Prezident İlham Əliyev çıxışında bu əməkdaşlığın qarşılıqlı etimada əsaslandığını vurğulayaraq bildirib: "Qrupa, onun sədrinə və bütün heyətə Azərbaycanı İllik Toplantıya ev sahibliyi edən ölkə kimi seçdiklərinə görə olduqca minnətdaram. Bu, bizim üçün böyük şərəfdir və aramızda güclü əlaqələrin olmasını bir daha göstərir". Dövlət başçısının bu fikirləri Azərbaycan ilə İslam İnkişaf Bankı arasında formalaşmış tərəfdaşlığın yalnız maliyyə əməkdaşlığı ilə məhdudlaşmadığını, qarşılıqlı etimad və uzunmüddətli strateji maraqlara söykəndiyini göstərir", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına ev sahibliyi etməsi də təsadüfi deyil.
"İlk belə toplantı 2010-cu ildə Bakıda keçirilib. Həmin dövrdən indiyədək ölkənin iqtisadi və siyasi həyatında mühüm dəyişikliklər baş verib. Prezident İlham Əliyevin sözləri ilə desək, "Həmin İllik Toplantı Qrup ilə tərəfdaşlığımıza, eləcə də iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanın həyata keçirdiyi islahatlara, enerji sektorundan asılılığı azaltmağa güclü təkan verdi". Son illərdə Azərbaycanın iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, xarici investisiyaların cəlb olunması və qeyri-neft sektorunun inkişafı olub. Dövlət başçısı çıxışında ölkənin əldə etdiyi nəticələrə diqqət çəkərək bildirib ki, "Bu gün qeyri-neft və qaz sektorunun ÜDM-də payı 70 faizdən artıqdır ki, bu da özlüyündə əlamətdar bir nailiyyətdir". Bu göstərici Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilə bilər. Ölkə uzun müddət enerji resurslarından əldə olunan gəlirləri infrastrukturun yenilənməsinə, yeni istehsal sahələrinin yaradılmasına və biznes mühitinin yaxşılaşdırılmasına yönəldib. İslam İnkişaf Bankı da bu prosesdə etibarlı tərəfdaşlardan biri kimi çıxış edib", - o bildirib.
A.Qarayev qeyd edib ki, toplantıda müzakirə olunan əsas mövzulardan biri regional inteqrasiya və nəqliyyat bağlantıları idi.
"Bu gün Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas tranzit marşrutlarından birinin üzərində yerləşir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı ölkənin regional əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasəti belə xarakterizə edib: "Biz əsasən infrastruktura sərmayə yatıraraq diqqətimizi təkcə ölkə daxilindəki infrastruktur üzərinə yox, ölkə daxilində olan beynəlxalq əhəmiyyətli infrastruktura cəmlədik". Bu yanaşmanın nəticəsində Azərbaycan son illərdə mühüm logistika və nəqliyyat qovşağına çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, beynəlxalq avtomobil magistralları və digər layihələr regionda yükdaşımaların həcminin artmasına şərait yaradıb. Dövlət başçısının qeyd etdiyi kimi, hazırda Azərbaycandan keçən beynəlxalq nəqliyyat marşrutları bir çox ölkələr üçün strateji əhəmiyyət daşıyır", - o bildirib.
Politoloq vurğulayıb ki, enerji sahəsi də Azərbaycan-İslam İnkişaf Bankı əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır.
"Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji bazarındakı mövqeyinə diqqət çəkərək bildirib: "Bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Biz təbii qazı 16 ölkəyə nəql edirik. Onların sayı ilbəil artır və artmaqda davam edəcək". Bu fakt Azərbaycanın enerji təhlükəsizliyi sahəsində beynəlxalq tərəfdaşları üçün əhəmiyyətini göstərir. Eyni zamanda, ölkə artıq yalnız neft və qaz ixracatçısı kimi deyil, həm də yaşıl enerji istehsalçısı kimi mövqeyini gücləndirməyə çalışır. Prezident İlham Əliyevin açıqladığı məlumata görə, 2032-ci ilədək Azərbaycan 8 giqavat həcmində günəş və külək enerjisi istehsal gücü əldə etməyi planlaşdırır", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, toplantıda Azərbaycanın maliyyə dayanıqlılığı da xüsusi vurğulandı.
"Prezident İlham Əliyev qeyd etdi ki, "Bu gün xarici borcumuz ÜDM-in yalnız 6 faizini təşkil edir". Dövlət başçısı əlavə edib ki, ölkənin xarici valyuta ehtiyatları xarici borcu təxminən 20 dəfə üstələyir. Bu göstəricilər Azərbaycanın investisiya cəlbediciliyinin və makroiqtisadi sabitliyinin əsas amillərindən biri hesab olunur. İslam İnkişaf Bankı ilə əməkdaşlığın son illərdə yeni istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq layihələri beynəlxalq maliyyə institutlarının da diqqət mərkəzindədir. Prezident İlham Əliyev çıxışında bildirib ki, "Bu gün artıq Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır". Dövlət başçısının sözlərinə görə, müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarından artıq vəsait ayrılıb. İslam İnkişaf Bankı da bu prosesdə fəal iştirak edir. Təsadüfi deyil ki, toplantı çərçivəsində "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi üzrə kredit və qrant sazişləri imzalandı", - o bildirib.
A.Qarayev qeyd edib ki, bu layihə kənd təsərrüfatının inkişafına, su təminatının yaxşılaşdırılmasına və azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılmasına xidmət edəcək.
"Bankın sədri Məhəmməd Süleyman Əl-Casir çıxışında Azərbaycanın yenidənqurma səylərinə dəstəyin davam etdiriləcəyini vurğulayaraq qurumun azad edilmiş Qarabağa səfər edən ilk çoxtərəfli inkişaf bankı olduğunu xatırlatdı. Bu yanaşma tərəflər arasında əməkdaşlığın yalnız maliyyə münasibətləri ilə məhdudlaşmadığını, həm də strateji xarakter daşıdığını göstərir.
Toplantının yekunları göstərdi ki, Azərbaycan ilə İslam İnkişaf Bankı arasında münasibətlər yeni mərhələyə daxil olur. İmzalanan sənədlər, müzakirə olunan layihələr və səsləndirilən bəyanatlar qarşıdakı illərdə əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir. Nəqliyyat, enerji, kənd təsərrüfatı, yaşıl enerji, su resurslarının idarə olunması və işğaldan azad edilmiş ərazilərin bərpası kimi istiqamətlər bu tərəfdaşlığın əsas sütunları olaraq qalacaq.
Bakıda keçirilən İllik Toplantılar bir daha göstərdi ki, Azərbaycan beynəlxalq maliyyə institutları ilə münasibətlərini yalnız maliyyələşdirmə mexanizmi kimi deyil, uzunmüddətli inkişaf strategiyasının mühüm elementi kimi qiymətləndirir. İslam İnkişaf Bankı ilə əməkdaşlıq isə ölkənin iqtisadi transformasiyası, regional inteqrasiya və dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsində mühüm rol oynamaqda davam edir", - politoloq əlavə edib.
