Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir - DİM

Cəmiyyət Materials 19 İyun 2026 17:55 (UTC +04:00)
Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir - DİM
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə orta göstəriciləri açıqlanıb.

Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunan 2025/2026-cı tədris ili üzrə qəbul və buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik hesabatda yer alıb.

Hesabata əsasən, Azərbaycan bölməsi üzrə orta statistik abituriyent qəbul imtahanının I mərhələsində tədris dili fənnindən sualların 57,05 faizini, riyaziyyatdan 31,38 faizini, ingilis dilindən isə 43,59 faizini düzgün cavablandırıb. II mərhələdə isə bu göstəricilər tədris dili üzrə 56,75 faiz, ədəbiyyat üzrə 55,18 faiz, riyaziyyat üzrə 28,96 faiz, fizika üzrə 36,27 faiz, kimya üzrə 30,36 faiz, biologiya üzrə 53,66 faiz, tarix üzrə 29,26 faiz, informatika üzrə 37,94 faiz və coğrafiya üzrə 25,99 faiz təşkil edib.

Rus bölməsində imtahan verən abituriyentlərin nəticələri göstərir ki, onlar I mərhələdə tədris dili fənni üzrə 54,20 faiz, riyaziyyat üzrə 34,08 faiz, ingilis dili üzrə isə 59,60 faiz düzgün cavab veriblər. II mərhələdə isə tədris dili üzrə orta göstərici 53,36 faiz, ədəbiyyat üzrə 48,41 faiz, riyaziyyat üzrə 29,81 faiz, fizika üzrə 34,39 faiz, kimya üzrə 31,83 faiz, biologiya üzrə 47,92 faiz, tarix üzrə 24,36 faiz, informatika üzrə 34,06 faiz, coğrafiya üzrə isə 23,01 faiz olub.

DİM-in təhlilində vurğulanır ki, orta statistik abituriyent müxtəlif fənlər üzrə test tapşırıqlarının təxminən 23-60 faizini düzgün yerinə yetirib. Qurum hesab edir ki, qəbul imtahanlarında istifadə olunan suallar tam şəkildə təhsil proqramına uyğun hazırlandığından bu nəticələr məzunların proqram materialının əhəmiyyətli hissəsini mənimsəmədiyini göstərir. Bildirilir ki, ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.

Hesabatda qeyd olunur ki, mövcud vəziyyət bir sıra məktəblərdə tədrisin keyfiyyəti, müəllim hazırlığı və müasir təlim metodlarının tətbiqi ilə bağlı problemlərin mövcudluğuna işarə edir. Bu baxımdan müəllimlərin peşəkar inkişafının gücləndirilməsi, pedaqoji kadr hazırlığının keyfiyyətinin artırılması və gələcək müəllimlərin metodiki biliklərinin təkmilləşdirilməsi vacib istiqamətlər kimi göstərilir.

Bununla yanaşı, yüksək nəticələr əldə edən rayonların, məktəblərin və müəllimlərin təcrübəsinin öyrənilərək digər təhsil müəssisələrində tətbiq olunmasının əhəmiyyəti də xüsusi vurğulanır.

Xəbər lenti

Xəbər lenti