Bakı. Trend:
İyunun 19-da Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələri üçün Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub.
Trend-in mediaturdakı müxbiri xəbər verir ki, tədbir gömrük sistemində həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər və təkmilləşdirmələr, eləcə də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılması məqsədilə keçirilib.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində keçirilən brifinqdə aksizli malların idxalı, bəyan edilməsi, gömrük rəsmiləşdirilməsi prosesləri, həmçinin baş idarənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
Tədbir zamanı media nümayəndələrinə idarənin fəaliyyəti, gömrük nəzarəti və rəsmiləşdirilməsi proseslərinin müxtəlif mərhələləri əyani şəkildə nümayiş etdirilib.
Mediatur çərçivəsində çıxış edən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanov bildirib ki, 2026-cı ilin 1 yanvar tarixindən bu günədək idarənin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb.
Onun sözlərinə görə, aşkar edilən hüquqpozmaların 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakterlidir.
“2026-cı ilin 1 yanvar tarixindən bu günədək cinayət xarakterli faktlar arasında məcburi nişanlanmalı olduğu halda nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi ilə bağlı 3 fakt, həmçinin gömrük orqanına bəyan edilməyən 308,30 karat brilyant qaşların aşkarlanması ilə bağlı 1 fakt yer alıb. Bundan başqa, 73 min 840 ədəd nişanlanmamış siqaretin aşkarlanması ilə bağlı da faktlar qeydə alınıb.
Gömrük qaydalarının pozulması ilə əlaqədar baxılmış işlər üzrə təqsirkar fiziki şəxslərə ümumilikdə 97 min 169,80 manat məbləğində cərimə tətbiq edilib. Bunun 81 min 146,35 manatının ödənilməsi təmin olunub, 64 fakt üzrə materiallar isə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib”, - deyə O.Sultanov qeyd edib.
Daha sonra Azərterminal Kompleks Birliyinin Bakı şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı İlknur Əliyev elektron gömrük bəyannamələrinin emalı prosesi barədə məlumat verib.
Onun sözlərinə görə, elektron qaydada təqdim edilən gömrük bəyannamələri və müşayiətedici sənədlər yoxlanıldıqdan sonra risk müəyyən edilmədiyi təqdirdə qısa müddətdə buraxılışa yönləndirilir.
“Buraxılış qərarı qəbul edildikdən sonra sahibkara elektron sistem üzərindən müvafiq məlumat təqdim olunur. Bundan sonra sahibkar malların gömrük rəsmiləşdirilməsini başa çatdıraraq onların sərbəst dövriyyəyə buraxılmasını təmin edə bilir”, - deyə İ.Əliyev vurğulayıb.
Təhlükəsizlik tədbirləri və nəqliyyat vasitələrinin texniki yoxlanılması prosesi barədə məlumat verən ekspertiza və inspeksiya xidmətini göstərən qurumun nümayəndəsi Kamran Məmmədov isə qeyd edib ki, idxal olunan nəqliyyat vasitələrinin Avro-4 ekoloji standartına uyğunluğu yoxlanılır.
Onun sözlərinə görə, avtomobillərdə ABS əyləc sisteminin və hava yastıqlarının mövcudluğu fiziki baxış zamanı təsdiqləndikdən sonra nəqliyyat vasitələrinə texniki eyniləşdirmə şəhadətnaməsi verilir və onlar sonrakı gömrük rəsmiləşdirilməsi prosedurlarına yönləndirilir.
Mediatur iştirakçıları daha sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Mərkəzin Birinci Şöbəsinin rəisi, gömrük xidməti polkovniki Cavanşir Aslanov jurnalistlərə bildirib ki, yük nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesi onların gömrük ərazisinə daxil olması ilə başlayır.
“Sənədlərdə hər hansı uyğunsuzluq olmadıqda yük rəsmiləşdirmə prosedurlarına yönləndirilir. Gömrük bəyannaməsi hazırlandıqdan sonra sənədlər yenidən yoxlanılır. Hər hansı nöqsan aşkarlanmadığı halda bəyannamə təsdiqlənir, sənədlər arxivləşdirilir və nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi prosesi yekunlaşdırılır”, - deyə C.Aslanov bildirib.
Tədbir çərçivəsində media nümayəndələri bəyanetmə, nəqliyyat vasitələrinə texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi və digər əməliyyatları əyani şəkildə izləyiblər.
Jurnalistlərə bildirilib ki, sahibkarlara və fiziki şəxslərə xidmətlər operativ qaydada göstərilir, gömrük ödənişləri isə nağdsız formada banklar və ya internet üzərindən həyata keçirilir.
Mediatur zamanı media nümayəndələri üçün Dövlət Gömrük Komitəsinin tətbiqinə başladığı “Rəqəmsal Gömrük Dəyəri Sistemi” layihəsi ilə bağlı da seminar keçirilib.
Qeyd olunub ki, layihə gömrük dəyərinin rəqəmsal həllər əsasında müəyyən edilməsinə, gəlir və xərclərin daha səmərəli idarə olunmasına, məlumatların unifikasiyasına və rəqəmsal emalına, subyektiv amillərin aradan qaldırılmasına, həmçinin vaxt və vəsaitə qənaət edilməsinə imkan yaradır.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
