Bakı. Trend:
Son illər, xüsusilə də Bakı şəhərində mopedlərin sayı əhəmiyyətli dərəcədə artıb və bu tendensiya yol hərəkəti təhlükəsizliyi baxımından yeni çağırışlar yaradıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü iclasında “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, mopedlərin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanı ilə təmin edilməsi, sürücülük vəsiqəsi əsasında idarə olunması, texniki baxışdan keçirilməsi və icbari sığorta sisteminə cəlb edilməsi beynəlxalq təcrübəyə uyğun addım kimi qiymətləndirilməlidir.
“Bu gün Avropa İttifaqının əksər ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliya, Niderland və digər dövlətlərdə mopedlər qeydiyyata alınır, sığortalanır və onları idarə etmək üçün xüsusi kateqoriyalı sürücülük hüququ tələb olunur. Təqdim edilən layihə isə beynəlxalq təcrübəyə əsaslanmaqla yanaşı, ictimai maraqların qorunmasına və hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir”, - deyə o bildirib.
E.Mirzəbəyli qeyd edib ki, mopedlərlə bağlı hüquqi tənzimləmənin gücləndirilməsi ilə paralel olaraq, çatdırılma xidmətləri sahəsində bəzi sui-istifadə halları da müşahidə olunur.
“Artıq Azərbaycanda kuryer xidmətləri və çatdırılma sektorunda çalışan şəxslər elektrik skuterlərdən və velosipedlərdən istifadə etməyə başlayıblar və təəssüf ki, bir çox hallarda həm yol hərəkətinin intensiv olduğu hissələrdə, həm də piyadalar üçün nəzərdə tutulmuş zolaqlarda hərəkət edərək öz həyatlarını, piyadaları və digər nəqliyyat vasitələrinin sürücülərini təhlükəyə atırlar”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, hazırkı layihə mopedləri əhatə etsə də, elektrik skuterlər və velosipedlərlə bağlı hüquqi tənzimləmə hələ tam formalaşmayıb və yaxın illərdə əsas risk məhz bu istiqamətdən qaynaqlana bilər.
Deputat bildirib ki, Bakı şəhərinin relyefinin mürəkkəbliyi və yol infrastrukturunun xüsusiyyətləri bu sahədə əlavə tənzimləmə ehtiyacını artırır.
“Bakı şəhərinin küçə və prospektlərinin əhəmiyyətli hissəsi uzun illər əvvəl salınıb, yol şəbəkəsinin bir çox hissəsində velosiped və skuterlər üçün əlavə zolaqlar yaratmaq texniki baxımdan mümkün deyil”, - deyə o qeyd edib.
E.Mirzəbəyli əlavə edib ki, gələcəkdə velosiped və skuterlərin elektron qeydiyyatı, istifadəçilərin yol hərəkəti qaydaları üzrə qısamüddətli təlimlərə cəlb olunması, təhlükəsizlik vasitələrinin məcburi tətbiqi və kommersiya məqsədilə istifadə olunan nəqliyyat vasitələrinin sadələşdirilmiş identifikasiya mexanizmlərinin yaradılması zəruridir.
O, həmçinin qeyd edib ki, bir sıra ölkələrdə, o cümlədən Çində elektrik skuterlərinin maksimum sürəti 25 km/saatla məhdudlaşdırılır və bu həddən yuxarı texniki göstəricilərə malik nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi tələb olunur.
“Digər tərəfdən, hansı nəqliyyat vasitəsi idarə edilməsindən asılı olmayaraq, əgər yolun hərəkət hissəsinə çıxılırsa, həmin şəxs yol hərəkəti iştirakçısına çevrilir və hüquqi məsuliyyət daşıyır”, - deyə deputat vurğulayıb.
E.Mirzəbəyli sonda bildirib ki, təqdim edilən qanun layihəsini müsbət qiymətləndirir və elektrik skuterlər, velosipedlər və digər oxşar nəqliyyat vasitələri ilə bağlı gələcək hüquqi tənzimləmələrin də nəzərdən keçirilməsini məqsədəuyğun hesab edir.
