Azərbaycanda sümük iliyi donor bankının yaradılması təklif edilir

Cəmiyyət Materials 19 İyun 2026 12:10 (UTC +04:00)
Azərbaycanda sümük iliyi donor bankının yaradılması təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sümük iliyi donor bankının yaradılmasına ehtiyac var.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Soltan Məmmədov parlamentin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, dünyada hökm sürən iqtisadi təlatümlər, gərginliklər və qeyri-müəyyənliklər fonunda Azərbaycan 2025-ci ildə də öz iqtisadi dayanıqlılığını və inkişaf dinamikasını qoruyub saxlayıb.

“Sümük iliyi donor bankının yaradılmasına və bu yolla ölkə daxilində bu əməliyyatların yalnız birinci dərəcəli qohum donorları ilə məhdudlaşdırılmasının aradan qaldırılmasına ehtiyac var”, - deyə o vurğulayıb.

Millət vəkili xatırladıb ki, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş proqnoza qarşı 2,2 faiz çox, ümumi daxili məhsul real ifadədə 1,4 faiz artmış, sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 39,5 faizi həcmində icra olunmuşdur ki, bu da 2024-cü illə müqayisədə 4,1 faiz çoxdur:

“Xüsusi olaraq vurğulamaq istərdim ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən 4,5 milyard manat vəsait ayrılıb. Qeyd etdiyim bu göstəricilər bir daha sübut edir ki, 2025-ci ilin dövlət büdcəsinin icrası uğurla həyata keçirilib, qarşıya qoyulmuş sosial hədəflərə nail olunub”.

S.Məmmədov vurğulayıb ki, sosialyönümlü dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan səhiyyə sahəsində icbari tibbi sığorta sisteminin uğurlu tətbiqi öz müsbət nəticələrini verir.

“Bu xüsusda bəzi məsələləri vurğulamaq istərdim. İcbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfinin davamlı genişləndirilməsi, əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi önəmli məsələlərdir. Eyni zamanda düşünürəm ki, profilaktik tədbirlərin genişləndirilməsinə və ilkin səhiyyə xidmətləri sisteminin gücləndirilməsinə xüsusi önəm verilməlidir. Belə ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə xüsusilə COVID-19 pandemiyasından sonra vurğuladığım hər iki istiqamət üzrə xərclərin kifayət qədər artması qeydə alınıb. Avropa regionu ölkələrində ilkin səhiyyə xidmətlərinə ayrılan xərclərin ümumi səhiyyə xərclərindəki payı orta hesabla 15-20%, profilaktik tədbirlərə ayrılan vəsaitlərin payı isə 3%-7% təşkil edib. Profilaktik tədbirlərin və ilkin səhiyyə sistemindəki xərclərin artımı ümumi səhiyyə xərclərinin optimallaşdırılmasına, səhiyyə sisteminin yüklənməsinin qarşısının alınmasına xidmət edir. Bu baxımdan hesab edirəm ki, gələcəkdə bu istiqamətdə islahatların dərinləşdirilməsinə ehtiyac var”, - deyə deputat bildirib.

S.Məmmədov qeyd edib ki, təqdim olunan hesabatda 2025-ci ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsi üzrə sümük iliyi transplantasiyası əməliyyatlarının icrası üçün 5 milyon manat vəsaitin ayrılması çox təqdirəlayiq haldır və bu, sevindirici məqamdır.

“Belə ki, bu gün irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün bu dəstəyə böyük ehtiyac var. Son illər sümük iliyi transplantasiyası əməliyyatlarının ölkə xaricində icra edilməsi ilə bərabər, ölkə daxilində də həyata keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. İstər dövlət, istərsə də özəl tibb müəssisələrində bu əməliyyatların həyata keçirilməsi təqdirəlayiqdir. Bununla yanaşı, fikrimcə, kadr potensialının genişləndirilməsinə, sümük iliyi donor bankının yaradılmasına və bu yolla ölkə daxilində bu əməliyyatların yalnız birinci dərəcəli qohum donorları ilə məhdudlaşdırılmasının aradan qaldırılmasına ehtiyac var”, - deyə S.Məmmədov vurğulayıb.

Deputat əlavə edib ki, səhiyyə sahəsində illər ərzində həyata keçirilən dövlət proqramlarının müsbət nəticələrini nəzərə alaraq, irsi və nadir uşaq xəstəliklərinin müalicəsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılması istiqamətində işlərin davam etdirilməsinə ehtiyac var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti