Bakı. Trend:
Azərbaycan Avropa, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən mühüm əlaqələndirici ölkə kimi regional əməkdaşlığın inkişafında vacib rol oynayır.
Bu barədə İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Baş icraçı direktorunun Baş müşaviri Ayumi Konişi Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Trend-ə açıqlamasında deyib.
"Biz artıq Azərbaycanın Xəzər dənizində Yaşıl Enerji Dəhlizi layihəsini dəstəkləyirik. Ümumilikdə hesab edirəm ki, Azərbaycanın rolu son dərəcə əhəmiyyətlidir. Ölkə Avropa ilə Qafqaz və Mərkəzi Asiya arasında əlaqələri təmin edən əsas körpülərdən biridir. Azərbaycanın bu əməkdaşlığın inkişafına verdiyi töhfə aydın şəkildə görünür", - deyə o bildirib.
A.Konişi qeyd edib ki, MCDF Azərbaycanın Avropa ilə Asiya arasında bağlantını gücləndirən Orta Dəhlizin inkişafında bundan sonra da fəal rol oynayacağına ümid edir.
"Biz artıq Xəzər dənizi Yaşıl Enerji Dəhlizinin inkişafı ilə bağlı texniki-iqtisadi əsaslandırma işlərinin maliyyələşdirilməsi üçün 1,05 milyon dollar məbləğində qrant ayırmışıq. Eyni zamanda, Azərbaycandan təqdim olunacaq yeni layihələri də nəzərdən keçirməyə və onları dəstəkləməyə hazırıq", - deyə o vurğulayıb.
Baş müşavirin sözlərinə görə, MCDF-in əsas fəaliyyət istiqaməti yüksək keyfiyyətli əlaqələndirici infrastrukturun inkişafının təşviq edilməsidir.
"Prioritet sahələrimiz nəqliyyat və ticarətin asanlaşdırılması, energetika, su ehtiyatlarının idarə olunması və rəqəmsal bağlantıdır. Enerji sahəsində artıq Xəzər dənizi Yaşıl Enerji Dəhlizi layihəsini dəstəkləyirik. Bundan əlavə, Azərbaycan Xəzər dənizinin su keyfiyyətinin qorunması kimi məsələlərdə digər ölkələrlə əməkdaşlıq etmək istəsə, biz bu istiqamətdə də birgə işləyə bilərik", - deyə A.Konişi bildirib.
O əlavə edib ki, qeyd olunan dörd istiqamətin hər birində MCDF ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.
