Naxçıvanda fəxri adların verilməsi qaydası qanunla tənzimlənəcək

Cəmiyyət Materials 19 İyun 2026 17:39 (UTC +04:00)
Naxçıvanda fəxri adların verilməsi qaydası qanunla tənzimlənəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında fəxri adların verilməsi, istifadəsi, onlardan məhrumetmə halları və bu sahədə yaranan digər hüquqi münasibətlərin tənzimlənməsini nəzərdə tutan “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” yeni qanun layihəsi hazırlanıb.

Trend-in əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının fəxri adı mədəniyyət, ədəbiyyat, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, dövlət qulluğu və hüquq sahələrində xüsusi xidmətləri, yüksək peşəkarlığı və ictimai fəallığı ilə fərqlənən şəxslərə verilən dövlət təltifi hesab olunacaq.

Sənədə görə, fəxri adlar Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də verilə biləcək.

Qanun layihəsində ümumilikdə 14 fəxri adın təsis edilməsi nəzərdə tutulur. Bunlar “Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi”, “əməkdar artisti”, “əməkdar rəssamı”, “əməkdar mədəniyyət işçisi”, “əməkdar müəllimi”, “əməkdar həkimi”, “əməkdar memarı”, “əməkdar dövlət qulluqçusu”, “əməkdar bədən tərbiyəsi və idman xadimi”, “əməkdar jurnalisti”, “əməkdar mühəndisi”, “əməkdar hüquqşünası”, “əməkdar kənd təsərrüfatı işçisi” və “əməkdar tibb işçisi” fəxri adlarıdır.

Layihəyə əsasən, “əməkdar mədəniyyət işçisi”, “əməkdar müəllimi”, “əməkdar həkimi” və “əməkdar tibb işçisi” fəxri adları müvafiq sahədə azı 20 il fəaliyyət göstərmiş şəxslərə veriləcək.

“Əməkdar dövlət qulluqçusu” fəxri adı dövlət qulluğunda xüsusi xidmətləri olan və müvafiq orqanlarda azı 10 il çalışan şəxslərə təqdim ediləcək.

“Əməkdar mühəndisi” və “əməkdar hüquqşünası” fəxri adlarının verilməsi üçün isə namizədlərin ixtisas üzrə azı 15 il fəaliyyət göstərməsi tələb olunacaq.

Sənədə görə, eyni fəxri ad bir şəxsə təkrar verilə bilməz. Bununla yanaşı, şəxs fəaliyyətinin başqa sahəsində xidmətlərinə görə digər fəxri ada təqdim edilə biləcək.

Qanun layihəsinə əsasən, fəxri adları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri öz təşəbbüsü ilə və ya Ali Məclisin, yaxud Nazirlər Kabinetinin təqdimatı əsasında verəcək. Fəxri ada namizədin irəli sürülməsi barədə vəsatət isə onun çalışdığı əmək kollektivində qaldırılacaq.

Fəxri ada layiq görülən şəxslərə müvafiq vəsiqə və döş nişanı təqdim ediləcək. Təqdimetmə mərasimi təntənəli şəkildə keçiriləcək və bu proses iki nüsxədən ibarət protokolla rəsmiləşdiriləcək.

Layihədə qeyd olunur ki, fəxri ad sahibləri döş nişanlarını sağ döşdə daşımalıdırlar. Şəxs vəfat etdikdə vəsiqə və döş nişanı ailəsinə yadigar kimi verilə, vərəsələrin razılığı ilə muzey və ya arxivlərə təhvil verilə biləcək. Vərəsə olmadıqda isə həmin atributlar Ali Məclisə qaytarılmalıdır.

Qanun layihəsində fəxri adların vəsiqə və döş nişanlarının hazırlanması üçün hər il Naxçıvan Muxtar Respublikasının büdcəsində əlavə vəsaitin nəzərdə tutulacağı da əksini tapıb.

Sənədə əsasən, fəxri adlara görə aylıq təqaüd veriləcək və onun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Təqaüdlər Naxçıvan Muxtar Respublikasının büdcəsində bu məqsədlə ayrılan vəsait hesabına ödəniləcək.

Qanun layihəsində fəxri addan məhrumetmə halları da müəyyənləşdirilib. Belə ki, şəxs ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edildikdə, yaxud fəxri ada xələl gətirən hərəkətlərə yol verdikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə fəxri addan məhrum edilə biləcək. Bu halda fəxri adın vəsiqəsi və döş nişanı Ali Məclisə qaytarılmalıdır.

Qanun qüvvəyə minənədək verilmiş fəxri adlar öz qüvvəsini saxlayacaq və Naxçıvan Muxtar Respublikasının fəxri adları hesab olunacaq. Eyni zamanda, fəxri adlara görə nəzərdə tutulan aylıq təqaüdlər əvvəllər bu ada layiq görülmüş şəxslərə də şamil ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti